Özündən 23 yaş kiçik sevgilisini öldürməyə cəhddə təqsirləndirilən keçmiş məhkumun məhkəməsi başlayıb
- 30 oktyabr, 2017
- 07:41
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 30 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində özündən 23 yaş kiçik olan sevgilisini öldürməyə cəhddə təqsirləndirilən 1966-cı il təvəllüdlü Cəbrayıl Mustafayevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.
"Report"un xəbərinə görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Anket məlumatlarında qeyd edilib ki, ailəli olan C.Mustafayev ali təhsillidir. O, 2012-ci ildə qəsdən sağlamlığa ağır zərər vurmada (adam bıçaqlama) təqsirləndirilərək, 3 il müddətinə azadlıqdan məhrum edilib. C.Mustafayev 3 il cəzasını çəkdikdən sonra azadlığa çıxıb.
Daha sonra təqsirləndirilən şəxs məhkəmədə vəsatət verib. O, cinayət işinin ibtidai istintaqa qaytarılmasını istəyib.
Vəsatət baxılmamış saxlanılıb.
Prosesdə zərərçəkmiş şəxs qismində Raziyyə Verdiyeva tanınıb.
Məhkəmə baxış iclası noyabrın 6-a təyin edilib.
Qeyd edək ki, hadisə bu il Səbail rayonunda baş verib. Bakı sakini C.Mustafayev əvvələr qeyri-rəsmi münasibətdə yaşadığı Raziyyə Verdiyevanı ölümə cəhd edərək bıçaqlayıb.
Bildirilib ki, hər iki şəxsin qeyri rəsmi münasibətlərindən azyaşlı övladları var.
Uzun müddət imiş ki, qadın övladını C.Mustafayeva göstərmirmiş. Bu səbəbdən tərəflər arasında mübahisə yaranıb və hadisə baş verib.
Zərərçəkmiş R.Verdiyeva Bakıda fəaliyyət göstərən barların birində çalışıb.
C.Mustafayev Cinayət Məcəlləsinin 29, 120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham olunur.