Özündən 23 yaş kiçik sevgilisini öldürmək istəyən şəxsin apellyasiya şikayəti təmin edilməyib

Hadisə
  • 15 fevral, 2018
  • 06:39
Özündən 23 yaş kiçik sevgilisini öldürmək istəyən şəxsin apellyasiya şikayəti təmin edilməyib

Bakı. 14 fevral. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində özündən 23 yaş kiçik olan sevgilisini öldürməyə cəhddə təqsirləndirilən 1966-cı il təvəllüdlü Cəbrayıl Mustafayevin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. 

"Report"un xəbərinə görə, hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, C.Mustafayevin apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən qüvvədə saxlanılıb.

Qeyd edək ki, hadisə ötən il Səbail rayonunda baş verib. Bakı sakini C.Mustafayev əvvəllər qeyri-rəsmi nikah münasibətində olduğu Raziyyə Verdiyevanı öldürməyə cəhd edib və bu məqsədlə onu bıçaqlayıb.

Hər iki şəxsin qeyri-rəsmi nikah münasibətlərindən azyaşlı övladları var. Qadın övladını uzun müddət C.Mustafayeva göstərmirmiş. Bu səbəbdən tərəflər arasında mübahisə yaranıb və hadisə baş verib.
Zərərçəkmiş R.Verdiyeva Bakıda fəaliyyət göstərən barların birində çalışıb.

Məhkəmə iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilərkən qeyd edilib ki, ailəli olan C.Mustafayev ali təhsillidir. O, 2012-ci ildə qəsdən sağlamlığa ağır zərər vurmada (adam bıçaqlama) təqsirləndirilərək, 3 il müddətinə azadlıqdan məhrum edilib. C.Mustafayev 3 il cəzasını çəkdikdən sonra azadlığa çıxıb.

O, Cinayət Məcəlləsinin 29, 120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə C.Mustafayev 11 il müddətinə azadlıqdan məhrum edilib.