Ötən il 510 obyektin istismarına mənfi rəy bildirilib
- 10 fevral, 2026
- 10:59
Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi 2025-ci ilin yekunları ilə bağlı mətbuat konfransı keçirib.
"Report" xəbər verir ki, Agentlik sənayedə və dağ-mədən işlərində texniki təhlükəsizlik üzrə vahid dövlət siyasətinin və tənzimlənməsinin səlahiyyətləri daxilində həyata keçirilməsi istiqamətində fəaliyyətini davam etdirib.
Ötən il ərzində Agentlik tərəfindən qeyri-yaşayış təyinatlı tikinti obyektlərinin istismarına icazə verilməsi sisteminə (portala) daxil olmuş müraciətlər əsasında 26192 obyektdə müayinə aparılıb. Bunlardan 25682 obyektin istismarına icazə ilə bağlı müsbət, 510 obyektin istismarına isə mənfi rəy bildirilib.
6637 nəfər işçi texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarının və normalarının öyrənilməsi üzrə Agentlik tərəfindən təşkil edilmiş tədris kurslarında iştirak edib və onlara müvafiq şəhadətnamələr təqdim olunub. 195 ədəd qaldırıcı və qazma qurğularının təhlükəsiz üsulla sınaqları aparılıb. 2228 ədəd qurğu və avadanlığın, 43 ədəd qaynaq birləşmələrinin və 1326 metr manifold borusunun defektoskopiyası keçirilib, 143 ədəd qurğu və avadanlıq sınaq olunub, 295 ədəd avadanlığın isə daxili baxışı keçirilib.
Təhlükəli yükləri daşıyan avtonəqliyyat vasitələri üzrə 2269 texniki müayinə, 1202 yuma deqazasiya işləri aparılıb, 1643 ədəd texnoloji və digər mexaniki nəqliyyat vasitələrində isə texniki baxış həyata keçirilib.