Ötən ay ANAMA 38 PHS və 1 ədəd tank əleyhinə mina aşkarlayaraq zərərsizləşdirib
- 03 iyul, 2018
- 06:53
Bakı. 3 iyul. REPORT.AZ/ Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən bu ilin iyun ayı ərzində Abşeron, Ağcabədi, Ağdam, Ağstafa, Füzuli, Xızı, Xocavənd, Qazax, Lənkəran, Tərtər rayonları və Bakı, Gəncə və Yevlax şəhərləri ərazisində 281 091 m² (28.11 ha) ərazi yoxlanılıb, 38 ədəd partlamamış hərbi sursat (PHS) və 1 ədəd tank əleyhinə mina (cəmi 39 ədəd) aşkar edilərək zərərsizləşdirilib.
ANAMA-dan "Report"a verilən məlumata görə, əməliyyatlarda 484 nəfər əməliyyat heyəti, 134 nəfər inzibati heyət, 6 mexaniki minatəmizləmə maşını və 40 minaaxtaran it iştirak edib.
İndiyədək cəmi 529 091 352 m² (52 909.14 ha) ərazi təmizlənib, 796 923 ədəd mina və partlamamış hərbi sursat (PHS) tapılaraq zərərsizləşdirilib.
İyun ayı ərzində Daxili İşlər Nazirliyinin (DİN) “102” Xidməti-Zəng Mərkəzindən – 13, Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən – 9 və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Mühafizə Xidmətindən - 2 müraciət daxil olub. Müraciətlər əsasında 10,920 m² ərazi təmizlənib, 34 ədəd partlamamış hərbi sursat (PHS) və 1 ədəd tank əleyhinə mina (cəmi 35 ədəd) aşkar edilərək yerli əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Agentliyin Mərkəzi Məhvetmə ərazisinə daşınaraq zərərsizləşdirilib.
İyun ayı ərzində mina/PHS hadisəsi qeydə alınmayıb.