Ötən ay 318 sahibkar "ASAN Xidmət" vasitəsilə “Azərişığ”a müraciət edib

Hadisə
  • 04 aprel, 2018
  • 11:08
Ötən ay 318 sahibkar ASAN Xidmət vasitəsilə “Azərişığ”a müraciət edib

Bakı. 4 aprel. REPORT.AZ/ Bu ilin mart ayında Azərbaycanda 318 sahibkar elektrik enerjisi şəbəkəsinə qoşulmaq üçün “ASAN Xidmət" və "ASAN Kommunal" mərkəzləri vasitəsilə “Azərişıq” ASC-yə müraciət edib. 

Bunu “Report”a açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

Onun sözlərinə görə, iş adamları ilə yanaşı, sadə vətəndaşlar da şəbəkəyə qoşulma prosesinin sadələşdirilməsindən faydalanırlar: "Belə ki, mart ayının 19 iş günü ərzində 2 972 vətəndaş evinə, bağına və ya həyətinə işıq çəkdirmək üçün “ASAN Xidmət" mərkəzləri vasitəsi ilə “Azərişığ”a müraciət edib. Ümumilikdə isə, ötən ay səhmdar cəmiyyətin “ASAN Xidmət" mərkəzləri vasitəsi ilə göstərdiyi 11 xidmət (əhali abunəçilərinin elektrik enerjisi şəbəkəsinə qoşulması, borcun araşdırılıb bu sənədin verilməsi, əhali istehlakçısının ad dəyişdirilməsi, qeyri-əhali qrupuna aid abunəçilərə üzləşmə aktlarının verilməsi, qeyri-əhali istehlakçısının ad dəyişdirilməsi, smart kartların bərpası və yenisinin verilməsi, abunəçinin geniş tarixçəsinin verilməsi, sayğacın zədələnməsinin araşdırılması üçün müraciətlərin qəbulu, qeyri-əhali abunəçisinin elektrik enerjisi şəbəkəsinə qoşulması, SMART karta ödənişin yüklənməsi və məcburi köçkün qrupuna aid abunəçilərdən müraciətlərin qəbulu) üzrə 13 minə yaxın müraciət olub”.

“Azərişıq” tərəfindən sahibkarlıq obyektlərinin elektrik təchizatı şəbəkəsinə qoşulması üçün texniki şərtlərin verilməsinin bölgələrdəki bütün “ASAN Xidmət" və "ASAN Kommunal" mərkəzlərini əhatə etməsi, vahid pəncərə sistemi üzrə prosedurların sayının 7-dən 3-ə endirilməsi, şəbəkəyə qoşulma müddətinin 69 gündən 24 günə qədər azaldılması mart ayı ərzində müsbət mənada öz təsirini göstərib” - deyə qurumun sözçüsü əlavə edib.