“MTN işi”ndə Əmlak Məsələləri Dövlət Komitəsinin sabiq söbə rəisi ifadə verib
- 02 may, 2017
- 13:43
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 2 may. REPORT.AZ/ Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin rəisi, general-mayor Quliyev Elçin və Antiterror Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə bəzi detallar açıqlanıb.
"Report"un məlumatına görə, ittiham aktına əsasən, cinayət işində Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) Reyestr Xidmətinin sabiq şöbə rəis Rauf Sultanov zərərçəkmişlərdən biri kimi tanınıb.
R.Sultanov ibtidai istintaqa verdiyi ifadəsində göstərib ki, 2009-cu ildən 2014-cü ilin dekabr ayınadək ƏMDK-nin Reyestr Xidmətində Qaradağ, Xəzər, Nəsimi rayon şöbələrinin rəisi, Xəzər rayon şöbəsinin rəis müavini vəzifələrində işləyib. Onun sözlərində görə, 2011-ci ilin yay aylarında MTN əməkdaşları onu nazirliyin binasına aparıb: "Komitənin Xəzər rayon şöbəsinin rəis müavini vəzifəsində işlədiyim dövrdə daimi olaraq həmin şöbədə etibarnamə əsasında müxtəlif şəxslər üçün sənədləşmə işləri ilə məşğul olan Kamil Şükürov adlı şəxsin şöbə rəisi Sabit Məmmədovun xidməti otağından çıxaraq otağıma gəldi. O, xidməti otağımda olan stolun üzərinə müəyyən məbləğdə pul qoydu. Kamil pulu stolumun üstünə qoyan kimi otağa özlərini MTN əməkdaşları kimi təqdim edən 4-5 nəfər mülki geyimli şəxslər daxil oldu. Onlar videokamera vasitəsi ilə çəkiliş aparmağa başladılar. Kamilin stolumun üstünə hansı məbləğdə pul qoymasını və hansı məqsədlə qoymasını bilməmişəm”.
R.Sultanov qeyd edib ki, MTN əməkdaşları onun rüşvət aldığını deyiblər: "Məni Kamil Şükürovla birlikdə göy rəngli sedan markalı avtomobillə MTN-ə apardılar. Orada sonradan internetdə şəklini gördüyüm, sonra adının İlqar Əliyev olduğunu bildiyim şəxsin otağına getdik. Orada İlqar Əliyev Sabit Məmmədovun Kamil Şükürovdan rüşvət istəməsi barədə izahat yazmağımı tələb etdi. Mən də həmin tələblə razılaşmadım. İzahat yazmayacağım təqdirdə həbs ediləcəyim barədə hədələdilər".
O bildirib ki, idarədə azad olmaqları üçün heç MTN əməkdaşlarına pul verməyiblər.
Rauf Sultanov barəsində qanunsuz əməliyyat-axtarış tədbiri həyata keçirib, onun MTN-in inzibati binasına aparılması epizodu üzrə ifadə verən E.Quliyev həmin hadisəni və zərərçəkmiş şəxsi xatırlamadığını bildirib.
Qeyd edək ki, E.Quliyev, A.Mehdiyev və digər şəxslər 2015-ci ildə həbs edilib. Həmin vaxt Səbail Rayon Məhkəməsi onun barəsində dörd ay müddətində həbs qətimkan tədbiri seçib. Sonradan həbs qətimkan tədbirinin vaxtı bir neçə dəfə uzadılıb.
Həmin şəxslər Cinayət Məcəlləsinin 145.3-cü (qanunsuz azadlıqdan məhrum etməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olma), 181.3.1-ci (mütəşəkkil dəstə tərəfindən quldurluq törətmək), 181.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə quldurluq törətmək), 182.3.1-ci (mütəşəkkil dəstə tərəfindən hədə-qorxu yolu ilə tələb etmə), 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 302.2-ci (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma, eyni əməllər informasiyanın gizli yolla götürülməsi üçün nəzərdə tutulan xüsusi texniki vasitələrdən istifadə edilməklə törədildikdə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmək), 309.2-ci (vəzifə səlahiyyətlərini aşmaqla, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə, yaxud silah və digər xüsusi vasitələrdən istifadə etməklə törədildikdə və ya ağır nəticələrə səbəb olma), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma), 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham olunurlar.
Xatırladaq ki, MTN ətrafında baş verən hadisələrdən sonra nazirliyin Antiterror Mərkəzinin rəisi general-mayor E.Quliyev tutduğu vəzifədən azad olunaraq MTN-in Heydər Əliyev adına Akademiyasının kafedra rəisi təyin edilmişdi.