Mingəçevir və Yevlaxda bir kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb
- 23 fevral, 2018
- 08:48
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 23 fevral. REPORT.AZ/ Mingəçevir şəhəri və Yevlax rayonlarında, ümumilikdə, 1 kiloqramdan artıq yüksək təsiredici xüsusiyyətə malik olan külli miqdarda narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Mingəçevir Şəhər Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Pərvinə Əkbərova narkotik vasitə olan heroin satarkən cinayət başında yaxalanıb. Polis əməkdaşları tərəfindən onun yaşadığı evdə aparılan əməliyyat-axtarış tədbirləri zamanı oradan əlavə olaraq ümumi çəkisi yarım kiloqrama yaxın marixuana, tiryək, heroin və metamfetamin aşkar edilərək götürülüb.
Polisin davam etdirdiyi tədbirlərlə həmin qadının narkotiki əldə etdiyi mənbə də müəyyənləşdirilib. Görülmüş tədbirlərlə narkotik vasitəni ona satmaqda şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş Ceyhun Məmmədzadə də saxlanılıb. Onun yaşadığı evdə aparılan əməliyyat-axtarış tədbirləri zamanı oradan da heroin aşkar edilərək götürülüb.
Yevlax Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə Aran qəsəbə sakini, əvvəllər məhkum olunmuş Rafiq Məmmədov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 496 qram marixuana aşkar edilərək götürülüb.
Saxlanılan şəxslər götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.
Faktlarla bağlı cinayət işləri başlanılıb.