Maqsud Mahmudovun məhkəmə istintaqı başa çatıb

Hadisə
  • 20 aprel, 2022
  • 12:27
Maqsud Mahmudovun məhkəmə istintaqı başa çatıb
Maqsud Mahmudov

Ukraynada tutularaq Azərbaycana gətirilən Maqsud Mahmudovun cinayət işi üzrə məhkəmə iclasında digər şahidlər dindirilib.

"Report"un xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili Əli Mehdiyev məhkəmə ekspertizası ilə bağlı vəsatət qaldırıb.

Məhkəmə vəsatəti təmin etməyib.

Bildirilib ki, məhkəmə istintaqı başa çatıb. Növbəti prosesdə çıxışlar mərhələsinə başlanılacaq.

Məhkəmə iclası aprelin 25-nə təyin edilib.

15.54

Ukraynada tutularaq Azərbaycana gətirilən Maqsud Mahmudovun cinayət işi üzrə məhkəmə iclasında şahid qismində Mahir Əliyev dindirilib.

"Report"un xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə o bildirib ki, M.Mahmudov vasitəsilə paytaxt ərazisində obyekt alıb:

"Alqı-satqı müqaviləsi ikimizin arasında oldu. Həmin obyektin aylıq icarə haqqı 8 min manat idi. Lakin oranı 310 min dollara aldıq. Daha sonra Maqsudla yoldaşı obyekti geri qaytarmaq məqsədilə məni Nərimanov Rayonu Məhkəməsinə verdi. Mən də dedim ki, pulu qaytar, oranı verim. Hazırda obyekt məndədir və icarəyə vermişəm".

Məhkəmə davam edir.

Qeyd edək ki, Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu 2021-ci ilin iyul ayında Ukrayna ərazisində tutulub.

O, sentyabrın 18-də Ukraynadan Azərbaycana gətirilərək istintaqa təhvil verilib.

İstintaq dövründə onun barəsində xüsusi dəyəri olan əşyaları talama maddəsi ilə ittiham irəli sürülüb.

İş üzrə 90 nəfər zərərçəkmiş var. Zərərçəkmişlərdən ikisi müğənni Afət Fərmanqızı və Vasif Məhərrəmlidir.