Lənkəranda xəstənin əməliyyatdan sonra ölməsi ilə bağlı araşdırma aparılır - YENİLƏNİB 2
- 04 noyabr, 2025
 - 16:36
 
                            
                            
                        Baş Prokurorluğunun Mətbuat xidmətindən daxil olmuş sorğulara cavab olaraq bildirilir ki, Lənkəran Rayon Mərkəzi Xəstəxanasında "sol tərəfi boğulmuş qasıq yırtığı diaqnozu" ilə cərrahi əməliyyat olunmuş 1965-ci il təvəllüdlü Siyavuş Rzayevin noyabrın 4-də həmin xəstəxanada vəfat etməsi faktı üzrə rayon prokurorluğunda araşdırma aparılır.
MƏLUMAT YENİLƏNİR ...
Lənkəranda iki dəfə əməliyyat olunan 60 yaşlı kişini həkimlərin səylərinə baxmayaraq xilas etmək mümkün olmayıb.
TƏBİB-dən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, Lənkəran şəhər sakini, 1965-ci il təvəllüdlü Şiyavuş Fərəculla oğlu Rzayevə oktyabrın 29-da ona sol tərəfli boğulmuş iri həcmli qasıq yırtığı diaqnozu təyin edilib:
"O, müvafiq tibbi müayinələrdən keçirildikdən sonra təcili qaydada hospitalizasiya olunaraq əməliyyat blokuna alınıb. Cərrahi müdaxilədən sonra pasiyentin vəziyyəti əməliyyata adekvat qiymətləndirilib və müsbət dinamika müşahidə edilib. Lakin noyabrın 1-də xəstənin vəziyyəti qəflətən pisləşdiyi üçün yenidən cərrahi əməliyyata alınıb və xəstəyə sol tərəfli hemikolektomiya, stomanın qoyulması proseduru icra edilib".
Vurğulanıb ki, əməliyyatdan sonra Reanimasiya şöbəsinə yerləşdirilən pasiyentin aparılan bütün reanimasiya tədbirlərlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq noyabrın 4-ü saat 07:30 radələrində bioloji ölüm faktı qeydə alınıb:
"Meyit məhkəmə-tibbi ekspertizası aparılması üçün müvafiq qaydada aidiyyəti üzrə təhvil verilib".
Lənkəran rayonunda bir neçə gün əvvəl əməliyyat olunan xəstə ölüb.
"Report"un Cənub bürosu xəbər verir ki, Lənkəran şəhər sakini, 1965-ci il təvəllüdlü Şiyavuş Fərəculla oğlu Rzayev oktyabrın 29-da yırtıq diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına qəbul olunub və əməliyyat edilib.
Ailə üzvlərinin sözlərinə görə, əməliyyatdan sonra S.Rzayev özünü pis hiss edib. Onun bağırsağının deşildiyi və bu səbəbdən orqanizmdə zəhərlənmə baş verdiyi bildirilib. Pasiyent təkrar əməliyyat edilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Meyit daxili və xarici müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.