Keçmiş MTN generallarının məhkəməsi davam etdirilib - YENİLƏNİB
- 08 fevral, 2018
- 12:18
Bakı. 8 fevral. REPORT.AZ/ Günün ikinci yarısında davam etdirilən prosesdə sənədlərin araşdırma-tədqiqi mərhələsi yekunlaşdırılıb.
“Report”un xəbərinə görə, prosesdə qaldırılan bir neçə vəsatətə münasibət bildirilməsi isə növbəti həftəyə saxlanılıb.
Həmin iclasda isə məhkəmə istintaqının başa çatması gözlənilir.
Məhkəmənin növbəti iclası fevralın 12-nə təyin edilib.
*** 15:09
Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq baş idarə və idarə rəisləri - general Sübahir Qurbanov, general Teymur Quliyev, general Natavan Mirvətova, eləcə də həmin qurumun digər vəzifəli şəxsləri - Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
“Report”un xəbərinə görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə qapalı keçirilən prosesdə sənədlərin tədqiqi mərhələsi davam etdirilib.
Təqsirləndirilən şəxslərin vəkilləri bir neçə vəsatət qaldırıblar. Onlar əlavə şahidlərin məhkəmədə dindirilməsini, əlavə sənədlərin cinayət işinə daxil edilməsini istəyiblər. Ancaq vəsatətlər təmin edilməyib.
Hazırda məhkəmədə fasilə elan olunub.
Qeyd edək ki, MTN-in sabiq baş idarə və idarə rəisləri - Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mirvətova, eləcə də həmin qurumun digər vəzifəli şəxsləri - Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev və Elşad Əzizov 2015-ci ildə həbs olunublar.