İsmayıllıda üç avtomobil toqquşub: 2 ölü, 6 yaralı - YENİLƏNİB-2

Hadisə
  • 28 fevral, 2026
  • 14:42
İsmayıllıda üç avtomobil toqquşub: 2 ölü, 6 yaralı - YENİLƏNİB-2

Bu gün saat 09:00 radələrində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 6 nəfər (3 kişi, 3 qadın) İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Xəstəxanadan "Report"un sorğusuna cavab olaraq bildirilib ki, yaralılara bədənin müxtəlif nahiyələrinin açıq yaraları və küt tramaları, alt çənənin hematoması, oma sümüyünün sınığı diaqnozları təyin olunub və zəruri tibbi yardım göstərilib.

Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıb.

Bu gün səhər saatlarında İsmayıllı rayonu ərazisində "Hyundai" markalı avtomobil idarəetmədən çıxaraq əvvəlcə "VAZ-21011", daha sonra isə "Ford" markalı mikroavtobusa çırpılıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan "Report"un Yuxarı Şirvan bürosuna bildirilib ki, nəticədə "VAZ"-ın sürücüsü, 33 yaşlı Ümüd Vəliyev və sərnişini 23 yaşlı Nərmin Vəliyeva aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.

Həmçinin digər nəqliyyat vasitələrinin sürücüləri və sərnişinləri xəstəxanaya müraciət ediblər.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

İsmayıllıda zəncirvari ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Şirin su adlanan ərazisində qeydə alınıb.

Belə ki, qəza zamanı Ford, Hyundai və VAZ 21011 markalı avtomobillər toqquşub.

İlkin məlumata görə, qəza nəticəsində iki nəfər ölüb, bir neçə nəfər isə ağır bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.

44 - Tezliklə