İranın xüsusi xidmət orqanı ilə əməkdaşlıqda təqsirləndirilən azərbaycanlının cəzası azaldılıb
- 31 iyul, 2017
- 10:30
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 31 iyul. REPORT.AZ/ Azərbaycan Ali Məhkəməsində İranın xüsusi xidmət orqanı (SEPAH) ilə əməkdaşlıqda ittiham olunan Ağcabədi rayon sakini, 1976-cı il təvəllüdlü Ağamir Ağamirovun barəsində olan məhkəmə qərarından verilmiş kassasiya şikayətinə baxılıb.
"Report"un məlumatına görə, hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Qərara əsasən, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib. Belə ki, A.Ağamirovun ittiham oldunduğu Cinayət Məcəlləsinin (CM) 320.1-ci (hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və qanunsuz hazırlama, yaxud ya bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) maddəsi ilə cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi ilə əlaqədar cəza təyin olunmayıb.
Məhkəmə onun CM-nin 274-cü (dövlətə xəyanət) madddəsi ilə təqsirli bilib və ona 15 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
İttiham aktına əsasən, Bərdə sakini Hafiz Vəliyevi 2013-cü il mayın 11-də Heydər Əliyev Beynəlxalq Hava Limanında Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları saxlayıb. Axtarış zamanı onun üzərində noutbuk və fləş-kart aşkar olunub. H.Vəliyevə məxsus “KİA Sorento” markalı avtomobildə 9,46 qram heroin, onun Bakının Nərimanov rayonu, Qədirbəyov küçəsində kirayə götürdüyü mənzilində isə fotoaparat, mini videokamera, fləş-kart, qələm formasında səsyazan qurğu tapılıb. 2003-cü ilin oktyabrında H.Vəliyev Riyazi Bəhmənin tapşırığı ilə İstanbula uçub, orada kafelərin birində SEPAH zabiti onu İran xüsusi xidmət orqanlarının digər əməkdaşı Əhməd Qaffari ilə tanış edib.
Həmin adam özünü Həmid Bəhrami kimi təqdim edib. Bunun səbəbi o olub ki, SEPAH Riyazi Bəhməni Rusiyaya ezam edib, o isə yeni əməkdaşı Hafizlə tanış edib.
Bir müddət sonra Ə.Qaffari Bakıya gəlib və H.Vəliyev onunla əməkdaşlığa başlayıb. O, müxtəlif dövlət strukturlarını izləyib və informasiya bazası yaradıb.
İstintaqın gedişində H.Vəliyev verdiyi ifadə əsasında Ağcabədi rayon sakini A.Ağamirov da həbs edilib. A.Ağamirov həbs olunana qədər Azərbaycanın Müdafiə Sənayesi Nazirliyində baş müşavir işləyib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Ağamirov və H.Vəliyev ömürlük azadlıqdan məhrum edilib. Məhkəmənin hökmündən narazı qalan təqsirləndirilən şəxslərin vəkilləri apelyasiya şikayəti veriblər. Onlar müdafiə etdikləri şəxslər barəsində bəraət hökmünün çıxarılmasını istəyiblər.
Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə hər iki təqsirləndirilən şəxsin apellyasiya şikayəti təmin edilməyib.
Onu da əlavə edək ki, ömürlük məhkum H.Vəliyev də kasasiya şikayəti verib. Onun kasasiya şikayəti Ali Məhkəmənin hakimi İnqilab Nəsirovun icraatına verilib.