I Qarabağ müharibəsinin iki itkin-şəhidi Xocalıda dəfn olunub
- 31 oktyabr, 2025
- 11:02
 
                            
                            
                        Birinci Qarabağ müharibəsində Xocalı uğrunda gedən döyüşlərdə şəhid olan hərbçilər Hüseynov Çingiz Usub oğlu və Qəmbərov Səfər Qarsalan oğlunun nəşlərinin qalıqları bu gün Xocalı Şəhidlər xiyabanında dəfn edilib.
Bu barədə "Report"un Qarabağ bürosunun Xocalıya ezam olunan əməkdaşı xəbər verir.
Hər iki şəxs Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilib. Onların nəşinin qalıqları 33 il sonra Xocalı ərazisində aparılan tikinti işləri zamanı aşkarlanıb.
Mərasimdə Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, Müdafiə, Daxili İşlər, Fövqəladə Hallar nazirliklərinin əməkdaşları, şəhid ailələri, müharibə iştirakçıları və rayon ictimaiyyəti iştirak ediblər.
Qeyd edək ki, şəhidlərin nəşinin qalıqları ötən gün Goranboy rayonunda müvəqqəti məskunlaşan ailələrinə təhvil verilib və orada vida mərasimi keçirilib.
 
             
             
             
             
             
             
             
             
             
             
             
             
             
             
            