“İpoteka dələduzluğu”na görə həbs edilən şirkət rəhbəri hökmdən narazıdır
- 17 iyun, 2020
- 06:12
Yeniliklərdən dərhal xəbərdar olun!
İpoteka ilə ev alacağı vədi ilə vətəndaşları aldadaraq külli miqdarda dələduzluqda təqsirli bilinən şirkət rəhbəri Aydın İsmayılov barəsindəki hökmdən apellyasiya şikayəti verib.
“Report”un xəbərinə görə, şikayətə Bakı Apellyasiya Məhkəməsində hakim Vaqif Mursaqulovun sədrlik etdiyi kollegiya baxacaq.
İlkin baxış iclası iyunun 18-ə təyin edilib.
Qeyd edək ki, A.İsmayılov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib.
A.İsmayılov sonuncu dəfə həbs edilənə qədər "SN qrup" MMC-nin direktoru olub. İttihama görə, Aydın İsmayılov öz qulluq mövqeyindən istifadə edərək aldatma yolu ilə 2018-ci ilin iyul-avqust aylarında feysbuk sosial şəbəkəsində elan verməklə ev və torpaq sahəsi almaq istəyən şəxslərə rəhbəri olduğu MMC tərəfindən güzəştli kredit veriləcəyini bildirib.
Həmin elanla əlaqədar ona müraciət edən ayrı-ayrı şəxsləri cəmiyyətin ofisinə dəvət edərək, onlara şəxsiyyət vəsiqəsi ilə az miqdarda ödəniş qarşılığında sərfəli faizlə ipoteka krediti verəcəyini yalandan bildirib. Bu yolla həmin şəxsləri aldadaraq, bankda yerləşən şəxsi hesabına ümumilikdə 97 min manat məbləğində pulun köçürülməsinə nail olub. Lakin verdiyi vədə əməl etməyib.
O, Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq), 193.2.1. (külli miqdarda ziyan vurmaqla yalançı sahibkarlıq), 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) maddələri ilə təqsirli bilinib.
A.İsmayılov daha əvvəl də dələduzluğa görə 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası alıb və 2017-ci ildə vaxtından əvvəl azadlığa çıxıb.