Həbsdə olan şirkət rəhbərinin qardaşı narkotikə görə tutulub
- 18 dekabr, 2019
- 08:14
Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda narkotik satışında təqsirləndirilən İlqar Vəliyevin cinayət işi üzrə hazırlıq iclası keçirilib.
"Report"un xəbərinə görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
O, Cinayət Məcəlləsinin 234.4.3-cü (satışa məqsədi ilə külli miqdarda narkotik əldə etmə və satma) maddəsi ilə ittiham edilir.
Qeyd edək ki, İlqar Vəliyevin qardaşı Elçin Vəliyev də həbsdədir.
Elçin Vəliyev külli miqdarda dələduzluqda ittiham edilir və cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır. Bu iş üzrə Elçin Vəliyevdən başqa, daha 3 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Onlardan biri "Röyalbank"da filial müdiri olmuş Azad İbadovdur. Digər iki şəxs də bankın əməkdaşları olub. Hər üç şəxs barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.
Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə ittiham irəli sürülüb. Elçin Vəliyev şirkət rəhbəri olub. O, tanışı Azad İbadov vasitəsilə bir neçə nəfərin adına bankdan kredit götürüb. "Röyalbank"ın lisenziyası ləğv edildikdən sonra ödənişlərlə bağlı problemlər yaranıb. Adına kredit götürülənlərin şikayəti əsasında adıçəkilən şəxslər cinayət məsuliyyətinə cəlb ediliblər.