Gürcüstanlı izləyicilər: "Bakıda keçirilən Oyunlar İslamiadanın tarixinə ən möhtəşəm idman bayramı kimi yazılacaq"
- 16 may, 2017
- 10:12
Yeniliklərdən dərhal xəbərdar olun!
Tbilisi. 16 may. REPORT.AZ/ “Bakıda keçirilən Oyunlar İslamiadanın tarixinə ən möhtəşəm idman bayramı kimi yazılacaq. Belə bir möhtəşəm açılışı təşkil etmək yalnız peşəkar komandanın işidir”.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu fikirləri "Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarınını açılışını izləmək üçün qonşu Gürcüstandan Azərbaycana gələn nümayəndələr söyləyiblər.
Gürcüstan parlamentinin deputatı Savalan Mirzəyev “Report”a müsahibəsində deyib ki, Azərbaycan irimiqyaslı idman yarışlarına yüksək səviyyədə ev sahibliyi edir. IV İslam Həmrəyliyi Oyunlarının möhtəşəm açılış mərasimində bunun bir daha şahidi oldum. Birinci Avropa Oyunlarında olduğu kimi bu dəfə də dünya ictimaiyyəti möhtəşəm bir səhnəni seyr etdi. Məndə olan məlumata görə, oyunlarda 54 ölkəni təmsil edən 3 mindən çox idmançı, 1000-dən çox komanda rəsmiləri və bir o qədər də texniki nümayəndə iştirak edir. Bu rəqəmlər özlüyündə bir rekorddur".

O vurğulayıb ki, Bakının 17 idman arenasının hər biri yarışlara yüksək səviyyədə hazırlanıb və digər zəruri təşkilati tədbirlər həyata keçirilib.
“Tam əminliklə deyə bilərəm ki, Bakıda keçirilən Oyunlar İslamiadanın tarixinə ən möhtəşəm idman bayramı kimi yazılacaq”- deyə, S.Mirzəyev vurğulayıb.

Digər iştirakçı, Gürcüstanın Barış və Vətəndaş Bərabərliyi Dövlət nazirinin müşaviri Zaur Darğallı isə bildirib ki, İslam Həmrəyliyi Oyunları özündə dostluğu və sülhü birləşdirir. Azərbaycan zəngin adət-ənənəyə, yüksək qonaqpərvərliyə malik olan ölkədir. Düşünürəm ki, bütün qonaqlar, Azərbaycandan xoş təəssüratlarla ayrılacaqlar".
Onun sözlərinə görə, İslam Həmrəyliyi Oyunları təkcə idman yarışı olmayacaq, eyni zamanda, bütün İslam dünyasının birlik, həmrəylik günləri olacaqdır.
“Göz oxşayan açılış mərasimi ilə Azərbaycan İslam Həmrəyliyi Oyunları tarixində silinməz iz qoydu”, - deyə, Z.Darğallı vurğulayıb.
Açılış mərasimi izləmək üçün Bakıya həmçinin Gürcüstanın Maliyyə Nazirliyinin gəlir departamentinin məsul əməkdaşı Ayaz Məmmədov gəlib.

O deyib: “Mən də dostlarımla birgə Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasiminə qatıldım. Bu, mənim üçün tarixi bir gün idi. Biz tədbirin açılışının yüksək səviyyədə keçirildiyinin şahidi olduq. Mənə ən maraqlı və sevindirici Azərbaycan və onun tarixi haqqında göstərilən videoçarx oldu. Bu çarxda biz Azərbaycanın möhtəşəm iqtisadi gücə və inkişafa malik olduğunun bir daha şahidi olduq. Mən Azərbaycan idmançılarının IV İslam Həmrəyliyi Oyunlarının tədbirlərində qələbəsinə inanırdım və sonra bu oyunları izlədikcə bunun şahidi oldum. Mənə bir də o xoş gəldi ki, hörmətli Azərbaycan Prezidenti tədbiri açdı və ailəsi ilə birgə açılışı izlədi, Azərbaycan bayrağının stadiona gətiriləndə isə biz çox böyük fərəh hissi keçirdik. İnanıram ki, bu fərəh hissini idmançılar da keçirdi. Bu tarixi gün mənim yaddaşıma həmişəlik həkk olundu”.