Gürcüstandan gələn Azərbaycan vətəndaşının avtomobilindən 17 ədəd mobil telefon aşkar edilib
- 05 yanvar, 2018
- 09:51
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 5 yanvar. REPORT.AZ/ Dövlət Gömrük Komitəsinin (DGK) Balakən Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında idarənin "Mazımçay" gömrük postunda Gürcüstandan Azərbaycana "Mersedes Benz E220 CDİ" markalı avtomobillə gələn ölkə vətəndaşı ilə gömrük bəyannaməsinin bəndlərinə uyğun olaraq şifahi sorğu-sual aparılıb.
Bu barədə “Report”a DGK-dan məlumat verilib.
Məlumata görə, həmin şəxs gömrükçülərə üzərində və nəqliyyat vasitəsində gizlədilən, gömrük nəzarətinə mütləq bəyan ediləsi predmetlərin olmadığını bildirib.
Nəqliyyat vasitəsində aparılan yoxlamadan sonra sürücünün və avtomobildə sərnişin qismində səyahət edən Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama aparılıb. Yoxlama zamanı sürücünün şalvarının cibindən "Samsung" və "Lenovo" markalı 3 ədəd mobil telefon, onun sərnişininin şalvarının və gödəkcəsinin ciblərindən isə "Samsung" və "Huawei" markalı 14 ədəd mobil telefon, "Sandisk" markalı müxtəlif həcmli 10 ədəd yaddaş kartları aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.