Gürcüstan 20 gündən artıqdır Azərbaycanın tütün daşıyan yük avtomobillərini gömrükdən buraxmır - ƏLAVƏ OLUNUB
- 25 noyabr, 2025
- 17:49
Batumidə və Tbilisi gömrük-keçid məntəqələrində 20 gündən artıqdır ki, Azərbaycan yük maşınları saxlanılır.
TIR sürücülərindən biri Aslan Kərimovun "Report"un Gürcüstan bürosuna bildirdiyinə görə, problem yalnız tütün yükləri olan maşınlarda yaranıb, digərləri isə sərbəst buraxılır:
"Gürcüstan tərəfi yalnız bizim maşınları saxlayır, gürcü maşınları sərbəst keçirlər. Səbəb açıqlanmır və konkret cavab vermirlər. Gömrük qurumuna müraciət etmişik, amma bizə bildirilib ki, maşınlar Maliyyə Polisinin nəzarətinə düşüb. Halbuki maşınlar tranzit yük daşıyır və Avropaya gedirdi".
A.Kərimovun sözlərinə görə, maşınların buraxılmaması üçün heç bir məhkəmə qərarı yoxdur və onlar yalnız gömrük işçilərinin müşahidəsi altında saxlanılırlar.
Onun sözlərinə görə, gömrük işçiləri sürücülərlə kobud davranır və suallara normal cavab vermirlər.
Azərbaycanın Batumidəki Baş konsulluğundan "Report"a bildirilib ki, vəziyyətdən məlumatlıdırlar və məsələnin həlli istiqamətində iş aparırlar.
Gürcüstandakı Azərbaycan səfirliyindən isə məlumat verilib ki, yazılı ərizə ilə onlara müraciət edilib və onlar da bu işlə məşğuldurlar.
Gürcüstan Dövlət Müəssisəsinin Gəlirlər Xidmətinin İctimaiyyətlə Əlaqələr və Marketinq Departamentinin rəhbəri Tamar Andriadze "Report"a açıqlamasında bildirib ki, gömrük xidməti tam həcmdə və fasiləsiz fəaliyyət göstərir və bütün maşınlara standart prosedurlar tətbiq olunur:
"Xüsusilə də sizin soruşduğunuz avtomobillər - o cümlədən Azərbaycan nömrəli maşınlar - eyni prosedurlardan keçir. Standart prosedurlar bitdikdən sonra bütün bu maşınlar təyinat yerlərinə göndəriləcək. Onlarla bağlı heç bir problem mövcud deyil".
Departament rəhbəri əlavə edib ki, sürücülərin bəzi hallarda bildirilməsi mümkün olan problemlər sənədləşmə və ya digər gömrük prosedurları ilə bağlı ola bilər.
"Mən konkret halda nəyin baş verdiyini deyə bilmərəm, amma ümumi olaraq bütün maşınlar, o cümlədən Azərbaycan nömrəli avtomobillər standart prosedurlardan keçir," – deyə T.Andriadze qeyd edib.