Göygöldə əl qumbarası aşkar edildi
- 19 iyul, 2020
- 21:34
Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Göygöl rayonu, Topalhəsənli kəndi ərazisindən keçən çayın kənarından F-1 əl qumbarasının tapılması barədə məlumat daxil olub.
ANAMA-dan “Report“a bildirilib ki, məlumatlara əsasən agentliyin xüsusi mobil çevik əməliyyat və partladıcı axtaran xüsusi təlim keçmiş itlərdən ibarət kinoloji qrupları, Daxili İşlər Nazirliyinin Göygöl rayon Polis Şöbəsinin və Mərkəzi Xəstəxanasının əməkdaşları dərhal əraziyə göndərilib və birlikdə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd MK II əl qumbarası aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Əl qumbarasının ətrafında 400 kv.m əraziyə yerüstü, 150 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.