Goranboyda yaşayış binasındakı uçqunda xəsarət alanların vəziyyətləri orta ağırdır - YENİLƏNİB-2
- 23 noyabr, 2025
- 11:32
Goranboy şəhəri, Cəfər Cabbarlı küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında baş verən uçqun nəticəsində üçü qadın, biri kişi olmaqla dörd nəfər xəsarət alıb.
Bu barədə "Report"un sorğusuna cavab olaraq Goranboy Rayon Mərkəzi Xəstəxanasından bildirilib.
Xəsarət alanlar Goranboy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib.
Hazırda müalicələri təcili və təxirəsalınmaz tibbi yardım şöbəsində davam etdirilir.
Vəziyyətləri orta ağır olaraq qiymətləndirilir.
Goranboy şəhəri, Cəfər Cabbarlı küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında baş verən uçqun nəticəsində xəsarət alanların kimliyi və son vəziyyəti məlum olub.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə nəticəsində 1966-cı il təvəllüdlü Səyyad Süleymanova və 1951-ci il təvəllüdlü Solmaz Məmmədova yüngül xəsarət alıb.
Daha bir nəfər, 1955-ci il təvəllüdlü qadın isə hadisə zamanı qorxu və həyəcan keçirdiyindən özünü pis hiss edib. Onlar Goranboy Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Hər üçünə tibbi yardım göstərilib, vəziyyətləri normal qiymətləndirilir.
Faktla bağlı aidiyyəti idarə və qurumların əməkdaşları tərəfindən araşdırma aparılır.
Goranboy şəhəri, Cəfər Cabbarlı küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında uçqun baş verib.
Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Aran Regional Mərkəzinin qüvvələri əraziyə cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən beşmərtəbəli 60 mənzildən və 6 girişdən ibarət yaşayış binasının 2-ci girişinin birinci mərtəbəsində 2 mənzilin döşəməsi və arakəsmə divarlarının uçduğu müəyyən olunub.
FHN-in qüvvələri tərəfindən bina sakinləri təxliyə olunub, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Hadisə nəticəsində 4 nəfər yüngül xəsarət alıb.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.