Gəncədə yanğında xəsarət alanların adı məlum olub - YENİLƏNİB-2

Hadisə
  • 12 iyun, 2021
  • 03:20
Gəncədə yanğında xəsarət alanların adı məlum olub - YENİLƏNİB-2

Gəncə şəhərinin Heydər Əliyev prospektində yerləşən, bina “56 A”da baş verən yanğın nəticəsində xəsarət alanların şəxsiyyəti məlum olub.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, yanğın nəticəsində 1981-ci il təvəllüdlü Cabbarov Mirmehdi Mirağa oğlu və digər mənzildə olanlar, 1968-ci il təvəllüdlü Rzayeva İradə Oktay qızı, onun həyat yoldaşı, 1962-ci il təvəllüdlü Qasımov Rüzgar Salman oğlu müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.

Onlar öncə özəl xəstəxanaya, daha sonra Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıblar.

İlkin məlumata görə, yanğın M.Cabbarovun mənzilində qeydə alınıb. Onun siqaret çəkmək istədiyi zaman partlayış baş verdiyi bildirilir.

Qonşuluqda olan ər və arvadın vəziyyəti normal, M.Cabbarovun vəziyyəti isə kafi qiymətləndirilir.

06:50

Gəncə şəhərində dörd mərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, hazırda son təhlükəsizlik işləri aparılır.

06:28

Gəncə şəhərində baş verənin yanğının bəzi təfərrüatları məlum olub.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, yanğın mənzillərin birində qaz sızması nəticəsində baş vermiş partlayışdan sonra yaranıb.

Alov digər mənzilə keçib və nəticədə biri 1 otaqlı olan 2 mənzildə yanğın başlayıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin beş yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir, yanğının sahəsinin genişlənməsinin qarşısını almaq üçün təcili və təxirəsalınmaz tədbirlər görülür.

Xəsarət alanlardan isə ikisi kişi, biri qadındır.

06:10

Gəncə şəhərində dörd mərtəbəli yaşayış bınasında yanğın başlayıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində yerləşən yaşayış binasında qeydə alınıb.

Binanın 4-cü mərtəbəsində qeydə alınan yanğın nəticəsində ilkin olaraq üç nəfər xəsarət alıb. Onlar özəl xəstəxanaların birinə aparılıblar.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin yanğınsöndürən maşınları cəlb olunub.

Yanğının qaz sızması səbəbindən baş verdiyi ehtimal edilir.