Gəncədə iki top mərmisi aşkar edilib

Hadisə
  • 15 oktyabr, 2017
  • 13:45
Gəncədə iki top mərmisi aşkar edilib
ANAMA

Bakı. 15 oktyabr. REPORT.AZ/ Bu gün Gəncə şəhərinin Nizami rayonu ərazisində qazıntı aparılan zaman 2 ədəd partlamamış hərbi sursat aşkar olunub.

ANAMA-dan “Report”a verilən məlumata görə, bu barədə məlumat Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və Daxili İşlər Nazirliyinin "102" Xidməti-Zəng mərkəzi sistemindən agentliyə daxil olub.

Məlumatlara əsasən, ANAMA-nın xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən Atatürk prospekti ilə Akademik Həsən Əliyev küçələrinin kəsişməsində yerləşən 2 saylı təcridxananın qarşısında ″Aqrar tikinti″ şirkəti tərəfindən qazıntı aparılan əraziyə baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində aşkar olunmuş 2 ədəd 152 mm-lik top mərmisi götürülərək zərərsizləşdirilməsi üçün agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkar olunmuş mərmilərin ətrafında 500 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.