Gəncədə hərbi təyinatı olmayan metal aşkarlandı
- 12 may, 2020
- 23:03
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və ötən gün saat 21:21-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Gəncə şəhəri, Nizami rayonu, Bağbanlar qəsəbəsi, Gəncəvi küçəsi ilə Eti Qurbanov küçəsinin kəsişməsində 1 ədəd tank əleyhinə minanın tapılması barədə məlumatlar daxil olub.
ANAMA-dan "Report"a verilən məlumata görə, agentliyin xüsusi mobil çevik əməliyyat və partladıcı axtaran xüsusi təlim keçmiş itlərdən ibarət kinoloji qrupları, Daxili İşlər Nazirliyinin Gəncə şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsinin və Səhiyyə Nazirliyinin Gəncə şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası (TTTYS) əməkdaşları əraziyə göndərilib və birlikdə baxış keçirilib.
Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd hərbi təyinatı olmayan metal əşya aşkar olunub, götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Metal əşyanın ətrafında 60 kv.m əraziyə yeraltı baxış keçirilib, heç bir təhlükəli əşya və qurğu aşkarlanmayıb.