Gəncədə minik avtomobili avtobusa çırpılıb, ölən və xəsarət alanlar var - YENİLƏNİB
- 27 noyabr, 2025
- 19:34
Gəncədə minik avtomobilinin sərnişin avtobusuna çırpılması nəticəsində xəsarət alanların son durumu açıqlanıb.
TƏBİB-dən "Report"un Qərb bürosunun sorğusuna cavab olaraq bildirilib ki, bu gün saat 16:50 radələrində iki nəfər (kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına Xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Qeyd olunub ki, 2004-cü il və 2005-ci il təvəllüdlü şəxslərə sol bazu sümüyünün, qabırğaların və biləyin sınığı diaqnozları təyin olunub və zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyətləri orta ağır qiymətləndirilən pasiyentlərin müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir.
Gəncə şəhərində minik avtomobili sərnişin avtobusuna çırpılıb, ölən və xəsarət alanlar var.
"Report"un Qərb bürosunun məlumatına görə, yol-nəqliyyat hadisəsi şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb.
Qəza nəticəsində 2006-cı il təvəllüdlü Qurban Cəbrayılov hadisə yerində ölüb, 2004-cü il təvəllüdlü Ramin Quliyev və 2005-ci il təvəllüdlü Əli Abdullayev isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.