Füzuli rayonunda əl qumbarası aşkar edilib
- 16 sentyabr, 2018
- 01:24
Bakı. 16 sentyabr. REPORT.AZ/ Sentyabrın 15-də DİN-in ″102″ Xidməti-Zəng mərkəzi sistemindən və FHN-in Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən ANAMA-ya Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi ərazisində partlamamış hərbi sursatların tapılması barədə məlumatlar daxil olub.
“Report” xəbər verir ki, məlumatlara əsasən, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Füzuli rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və DİN-in Füzuli rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə fermanın yaxınlığına baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 1 ədəd təlim məqsədli RQD-5 əl qumbarası aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Əl qumbarasının tapıldığı yerin ətrafında 100 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.