“Bomj”u öldürənin apellyasiya şikayətinə baxılır
- 14 mart, 2020
- 14:11
Bakı Apellyasiya Məhkəməsində xüsusi amansızlıqla qətl törətməkdə təqsirli bilinən Ramin Həsənovun apellyasiya şikayəti üzrə ilkin baxış iclası keçirilib.
“Report”un xəbərinə görə, hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən iclasda anket məlumatları dəqiqləşdirilib.
Mahiyyəti üzrə baxış iclası martın 19-na təyin edilib.
Qeyd edək ki, R.Həsənov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 18 il müddətinə azadlıqdan məhrum edilib.
Qətl hadisəsi 2017-ci ilin may ayında Bakının Nərimanov rayonu ərazisində baş verib. Təbriz küçəsində yerləşən dayanacağın arxa hissəsindəki otluq sahədə Lənkəran rayonunun Kərgəlan kənd sakini, 44 yaşlı Müşfiq Əliyevin meyiti tapılıb.
İlkin araşdırmalar zamanı məlum olub ki, M.Əliyevi Ramin Həsənov qətlə yetirib. İçkili vəziyyətdə olan Ramin pulunun oğurlanmasını bəhanə edərək Müşfiqi möhkəm döyüb. Ağır dərəcəli bədən xəsarətləri alan Müşfiq elə hadisə yerindəcə keçinib.
M.Əliyev əvvəllər toylarda müğənni kimi fəaliyyət göstərib, sonradan isə narkotikə qurşandığı üçün səfil həyatı yaşayıb.