Ekspert: "Bakıda ətraf mühitin çirklənməsinin 80 faizi nəqliyyat vasitələrinin payına düşür"
- 16 aprel, 2022
- 13:07
Yeniliklərdən dərhal xəbərdar olun!
"Yol hərəkətinin təhlükəsizliyi baxımından ətraf mühitin qorunması vacib amillərdən biridir".
"Report"un xəbərinə görə, bunu "Jurnalistika və İnkişaf Mərkəzi” İctimai Birliyinin sədri, ekspert Elməddin Muradlı deyib.
O bildirib ki, ətrafa dağıdılan yanacaq, sürtkü yağları da ekologiyaya böyük ziyandır:
"Bildiyimiz kimi, yol-nəqliyyat hadisələrinin ətraf mühitə nə qədər böyük təsirləri var. Əgər bir nəqliyyat vasitəsi bir ağacı vurub aşarırsa, fikirləşin ki, həmin o ağacın inkişafı illərlə vaxt aparır. Həmin ağac nə qədər oksigen verirdi, ətrafda olan sağlam insanlar üçün çox önəmli bir faktor idi. Gün ərzində paytaxtın müxtəlif küçə və prospektlərində müəyyən tıxaclar əmələ gəlir. Adi vaxtlarda 2 dəqiqəyə keçdiyimiz yolu hətta elə olur ki, 20-25 dəqiqəyə keçə bilmirik. İndi təsəvvür edin ki, həmin ərazidə avtomobilin 2 dəqiqəyə keçdiyi yolda havaya buraxdığı zərər nə qədərdisə, 20-25 dəqiqəyə tıxacda keçdiyi yolda havaya buraxdığı zəhərli qazların miqdarı 10-15 dəfə çoxdur. Demək, ətraf mühitin qorunmasında yol hərəkətinin də mühüm rolu var. Bakı şəhərində aparılan təhlillər onu göstərir ki, ətraf mühitin çirklənməsində məhz 80 faizi nəqliyyat vasitələrinin payına düşür".
Qeyd edək ki, bu gün “Jurnalistika və İnkişaf Mərkəzi” İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə "Ətraf mühit və insan sağlamlığının qorunmasında yol hərəkəti təhlükəsizliyinin rolu" mövzusunda tədbir keçirib. Baş Dövlət Yol Polisi (DYP) İdarəsinin Ekoloji nəzarət bölüyünün əməkdaşları ilə keçirilən tədbirdə DYP-nin İctimaiyyətlə əlaqələr şöbəsinin inspektoru polis baş leytenantı Toğrul Nəsirli, tağım komandiri Rəşad Bayramov və Avtosfer.az saytının redaktoru Orxan Əliyev də çıxış ediblər.