DYP: "Bayram günlərində yol qəzalarında 8 nəfər ölüb"
- 09 yanvar, 2024
- 06:47
31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar qeyri-iş günlərində ölkə ərazisində 20 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 8 nəfər ölüb, 24 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Bu barədə “Report”a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Bildirilib ki, dəfələrlə sosial şəbəkələrdə və mətbuatda sürücülərə, eləcə də piyadalara edilən xəbərdarlıqlara baxmayaraq həmin günlərdə kobud qayda pozuntularına rast gəlinib:
“Bu qayda pozuntuları da arzuolunmaz hadisələrə gətirib çıxarır. Yol-nəqliyyat hadisələrinin baş vermə səbəbləri içərisində ilk sırada sürət həddinin aşılması dayanır. Bundan başqa sürücülərin manevretmə qaydalarını kobud şəkildə pozması, əks yola çıxma, nəqliyyat vasitəsinin nasaz halda idarəeilməsi də yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olur. Bir daha sürücülərdən yol hərəkəti qaydalarının tələblərinə ciddi şəkildə riayət etmələrini tövsiyə edirik”.
Qeyd edək ki, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar 31 dekabr 2023-cü il və 1, 2, 3, 4, 5 və 6 yanvar 2024-cü il qeyri-iş günü olub.