Dörd nəfərin ölümünə səbəb olan sürücünün məhkəməsində şahid dindirilib

Hadisə
  • 06 aprel, 2018
  • 07:20
Dörd nəfərin ölümünə səbəb olan sürücünün məhkəməsində şahid dindirilib
Report

Bakı. 6 aprel. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində 4 nəfərin ölümü ilə nəticələnən avtomobil qəzası törətməkdə təqsirləndirilən Elturan Fərəcovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən iclasda şahid qismində Tahir Səfərov ifadə verib.

O, qəza baş verən zaman həmin yolda avtomobil idarə etdiyini deyib: "KamAZ"ın arxasınca hərəkət edirdim. Məsafəmiz 100 metr olardı. Mən qarşıdakı avtomobilin "stop"larının yandığını gördüm. Bu zaman qabağım toz-duman oldu, işıqları söndü. Maşını sağa çəkib saxladım. Qarşıdakı "KamAZ"ın qoşqsuna maşın çırpılmışdı. Polisə məlumat verdik. Maşında bir nəfər sağ idi. Onu çıxarmağa kömək etdim".

Qeyd edək ki, hadisə 2017-ci ilin iyul ayının 13-də gecə saatlarında Ələt-Astara magistralında baş verib. Rusiyaya gedən "Mercedes" markalı mikroavtobus "KamAZ" markalı qoşqulu yük maşınına çırpılıb.

Qəza nəticəsində "Mercedes" markalı maşının sərnişinlərindən 4 nəfəri - 1993-cü il təvəllüdlü Əliyev Tuhid Mirzərəhim oğlu, 1982-ci il təvəllüdlü Qəhrəmanov Şahid Əbdülhesüyn oğlu, Rusiya vətəndaşı, 1947-ci il təvəllüdlü Xudaverdiyev Ramiz Ağahüseyn oğlu və 1951-ci il təvəllüdlü Abdullayev Azad İdməli oğlu dünyasını dəyişib.

Bundan başqa, qəzada iki nəfər də yaralanıb

Ölənlərin hamısı Astara rayonunun Səncərədi kənd sakinləridir. Onlar Dağıstana işləməyə gedirmiş.

Qəza zamanı yalnız "KamAZ"ın sürücüsü ilə mikroavtobusun sürücüsü Astara rayonun Səncərədi kənd sakini Fərəcov Elturan Qılman oğlu xəsarət almayıb.

Elturan Fərəcov həmkəndlilərini pul müqabilində Xasavyurt şəhərinə çatdırmalı imiş.

Qəzadan sonra Elturan Fərəcov həbs edilib. O, Cinayət Məcəlləsinin 263.3-cü (2 və daha çix şəxsin ölümünə səbəb olan avtomobil qəzası törətmə) maddəsi ilə ittiham edilir.