DİN: "Bakıda itən əşyaların Tapıntılar Bürosuna təqdim olunması halları artıb"
- 12 aprel, 2022
- 13:14
Yeniliklərdən dərhal xəbərdar olun!
"Bakıda insanların sıx toplaşdığı ərazilərdə, kafelərdə, restoranlarda, kinoteatrlarda unudulmuş və ya itirilmiş əşyalar adətən digər vətəndaşlar tərəfindən Bakı Şəhər Baş Polis İdarəsinin tabeçiliyində fəaliyyət göstərən Tapıntılar Bürosuna təqdim olunur".
Bunu "Report"a açıqlamasında Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin polis leytenantı Nurlan Əliyev deyib.
O bildirib ki, aidiyyəti üzrə polis əməkdaşları əşyasını itirən şəxsi müəyyən edir: "Daha sonra əşyanın təhvil verilməsi təmin olunur. Bəzi hallarda müşahidə edirik ki, sənədin və ya əşyanın sahibi bəlli deyil. Həmin əşya və ya sənəd Büroda bir ay müddətində saxlanılır. Sonra aidiyyəti üzrə təhvil verilir".
"Sevindirici haldır ki, son zamanlar nümunəvi vətəndaşlar çoxdur. Digər şəxslərə aid əşyaları vətəndaşlar tapıb gətirərək Büroya təqdim edirlər. Bu say çoxdur. Bu hal təqdirəlayiqdir. Vətəndaşlardan daha diqqətli davranmağı və şəxsi əşyalarını unutmamağı xahiş edirik", - DİN rəsmisi vurğulayıb.
Paytaxt sakini Əliağa Zeynalov "Report"a bildirib ki, paytaxt ərazisində diplomunu itirib: "Dostlarımdan öyrəndim ki, Tapıntılar Bürosuna müraciət etmək lazımdır. Ərizə yazmışam, ümid edirəm ki, tezliklə tapılacaq".
Qeyd edək ki, Tapıntılar Bürosu Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) tabeçiliyində fəaliyyət göstərir. Tapılan əşya və sənədlərin qəbulu, uçotu, saxlanılması və sahiblərinə qaytarılmasından ibarət olan Büro tərəfindən vətəndaşların müraciətinə cavab verilir, o cümlədən, tapılan sənəd və əşyası onların özlərinə qaytarılır.
Xatırladaq ki, Bakı şəhərində Tapıntılar və Buraxılış Bürosu Daxili İşlər Nazirliyinin (DİN) müvafiq əmri ilə 2006-cı ildə BŞBPİ-yə bilavasitə tabe olan struktur hissə kimi yaradılmaqla fəaliyyətini Azərbaycan qanunvericiliyi ilə, DİN və BŞBPİ-nin hüquqi normativ aktlarına əsasən həyata keçirir.