DİN: Xocalı sakininin polis rəisinin müavini tərəfindən döyülməsi ilə bağlı yayılan məlumatlar əsassızdır

Hadisə
  • 07 iyun, 2018
  • 12:55
DİN: Xocalı sakininin polis rəisinin müavini tərəfindən döyülməsi ilə bağlı yayılan məlumatlar əsassızdır

Goranboy. 7 iyun. REPORT.AZ/ "Bəzi KİV-də Xocalı polisinin vətəndaşa təzyiqlər göstərməsi ilə bağlı yayılan məlumatlar əsassızdır".

Bunu "Report"un Qərb bürosuna DİN Mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru, polis leytenantı Eşqin Qasımov bildirib.

E.Qasımov qeyd edib ki, bəzi xəbər saytlarında yerləşdirilmiş yazılarda Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində məskunlaşan Xocalı sakini Vüqar Mahmudovun Xocalı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən təzyiqə məruz qalması barədə iddialar həqiqətə uyğun deyil: "Vüqar Mahmudovun həyat yoldaşı Ülviyyə Mahmudova bu il mayın 25-də “102-Zəng Mərkəzi” Xidmətinə müraciət edərək qonşusu Əsli Ramazanova ilə aralarında şəxsi münasibətlər zəminində mübahisənin yarandığını, sonuncunun onu təhqir və şantaj etdiyini bildirib. Müraciətə əsasən, Xocalı Rayon Polis Şöbəsində dərhal araşdırma aparılıb. Məsələ mülki xarakterli olduğundan Ülviyyə Mahmudovaya aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə olunub. Araşdırmanın nəticəsindən narazı olan Vüqar Mahmudov Xocalı Rayon Polis Şöbəsinə gələrək ictimai qaydanı kobud surətdə pozan hərəkətlərə yol verdiyi zaman xidmət üzrə rəis müavini, polis polkovnik-leytenantı Şahid Muradov bu vətəndaşı intizama dəvət edərək onunla proflaktiki söhbət aparıb. Ona görə Vüqar Mahmudovun guya rəis müavini və sahə inspektoru tərəfindən döyülməsi ilə bağlı iddiası da tamamilə əsassızdır və qərəzlidir".