DİN: "Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı hər hansı yazılı və ya şifahi şüar səsləndirilməyib"
- 21 may, 2018
- 13:13
Yeniliklərdən dərhal xəbərdar olun!
Gəncə. 21 may. REPORT.AZ/ Daxili İşlər Nazirliyi (DİN) Gəncədə keçirilən "Kəpəz" - "Neftçi" oyunu zamanı polislə azarkeşlər arasında baş vermiş qarşıdurma ilə bağlı bəzi KİV-də yayılan xəbərlərə münasibət bildirib.
DİN-in Mətbuat xidmətinin Qərb Regional Qrupundan "Report"a verilən məlumata görə, bəzi xəbər saytlarında yerləşdirilmiş yazılarda Azərbaycan Premyer Liqasının 28-ci turunda Gəncədə keçirilən “Kəpəz” – “Neftçi” oyunu ilə bağlı həqiqətə uyğun olmayan, böhtan xarakterli Gəncə şəhər Baş Polis İdarəsinin və onun tabeliyində olan qurumlarının əməkdaşları barəsində yayılan məlumatlar qərəzli məlumatdır.
DİN Mətbuat xidmətinin qərb regional qrupunun baş inspektoru, polis leytenantı Eşqin Qasımov oyun zamanı və ya oyundan sonra heç kimin saxlanılmadığını bildirib: "Öncə onu qeyd etmək lazımdır ki, idman turnirlərində ictimai asayişin qorunmasında polis əməkdaşları üzərlərinə düşən vəzifələri lazımınca yerinə yetirirlər. Gəncədə keçirilən futbol oyunu zamanı da Gəncə şəhər Baş Polis İdarəsinin və onun tabeli orqanlarının əməkdaşları asayişin, təhlükəsizliyin təmin olunmasında fəallıq göstəriblər. Qeyd etmək lazımdır ki, oyun zamanı istər yerli, istərsə də qonaq azarkeşlər stadiona qeyri-qanuni hər hansı bir cism və ya əşya gətirməyiblər. Oyun öz axarında davam edib və azarkeşlərin səsləndirdiyi hər hansı bir şüar, pankarta görə polis əməkdaşları güc tətbiq etməyib. İddia edildiyi kimi, Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı hər hansı bir yazılı və ya şifahi şüar səsləndirilməyib. Bütün bunların nəticəsi kimi, oyun zamanı və ya oyundan sonra heç kim saxlanılmayıb".