Dəmir yolunun Sığırlı-Karrar mənzilində 12,8 km-lik hissə təmir olunur

Hadisə
  • 31 oktyabr, 2017
  • 08:55
Dəmir yolunun Sığırlı-Karrar mənzilində 12,8 km-lik hissə təmir olunur
Ady

Bakı. 31 oktyabr. REPORT.AZ/ Bakı-Böyük Kəsik dəmir yolu xəttinin əsaslı təmiri çərçivəsində Sığırlı-Karrar mənzilində 12,8 km yolun təmirinə start verilib. 

"Report" "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) istinadən xəbər verir ki, təmir işləri 10 gün davam edəcək.

Təmir işlərini 5 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi həyata keçirir. Artıq köhnə yolun söküntüsü başa çatıb, yeni yolun qoyuluşuna başlanılıb.

Xatırladaq ki, 14 aprel 2015-ci ildə “Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması” layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə, ADY ilə Çexiyanın “MORAVİA STEEL” şirkəti arasında “Azərbaycan Respublikası Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi–texniki təchizatı və əsaslı təmiri” barədə ixrac müqaviləsinə əlavə saziş imzalanıb. Yeni layihənin icrasına 2015-ci ilin oktyabr ayının sonlarında başlanılıb və bu günə kimi 378 km dəmir yolu əsaslı təmir olunub.