Dələduzluqda təqsirləndirilən sabiq MTN əməkdaşının məhkəməsində şahidlər ifadə verib
- 05 sentyabr, 2017
- 08:57
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 5 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Ceyhun İbayev, Vüqar Əsədov, Vüqar Güləli, Anar İsmayılov və Nicat Əliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
"Report"un xəbərinə görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Əlihüseyn Mahirov ifadə verib.
O, dindirilərkən əvvəllər məhkəmədə və polisdə işlədiyini deyib: "Gəlinim Səriyyə pulu bu şəxslərə verəndən sonra qorxudulub. Ceyhun zəng etdi ki, oğlumun həbsdən azad olmasına görə "5 min manat gətir". Pulu düzəltdim. Dedim ki, "mən də gəlim?" O, "yox sən gəlmə, işi korlayarsan" söylədi. Mən evdə qaldım. Guya bunlar oğlumu həbsdən buraxdıracaqdılar. Mən sonra bildim ki, 147 min manat verilib. Həmin pulların verilməsindən xəbərim olmayıb. Pulu Ceyhun İbayev alıb. Vüqar Əsədov mənim başıma oyun açdı. Məni Lənkərana və Lerikə apardı. Guya orada onun əmisi işi həll edəcəkdi. Maşın yolda az qaldı ki, aşsın. Ceyhun İbayev mənim qohumumdur. Günah ondadır. Çünkü pulu almışdı, gərək mənə də bu barədə deyərdi. Məndən qorxduğu üçün demədi".
Təqsirləndirilən C.İbayev bildirib ki, pulun geri qaytarılması ilə bağlı V.Güləli 30 min manatı öz boynuna götürüb: "Bakıda görüşdük. Vüqar dedi ki, həbsdə olan şəxsin oğlu gəlsin. Daha sonra Vüqar söylədi ki, gedib bir nəfərlə görüşüb, pulu gətirəcək. Vüqar o gedən getdi".
Digər təqsirləndirilən V.Güləli isə 147 min manat pul zərərçəkmiş Səriyyə Tahirovadan almadığını qeyd edib: "Bizdə evdə bu barədə söhbət də gedib. Bu puldan 77 min manatdan xəbərim olub. 7 mini işi həll etmək üçün vermişəm. 47 mini isə Vüqar Əsədova vermişəm. Anama söz vermişəm düzünü danışacam. Gərək haqqla danışaq".
Daha sonra şahid qismində Elçin Orucov dindirilib. O, atasının 8 min manat zərər çəkdiyini bildirib: "Bu pul məni polisə düzəltmək üçün verilib. Təqsirləndirilən Nicat Əliyev Namaz adlı şəxslə bizi tanış edib. İki dəfə onunla görüşdüm. Sonra isə işi həll etmədi".
Şahid Zenfira Əhmədova söyləyib ki, zərərçəkmiş Səriyyə Tahirovanın bacısıdır: "Bacımın yoldaşının məhkəməsindən sonra o, məni evlərinə çağırdı. O, Ceyhuna pul verdiyi bildirib. Getdik Bakıya Ceyhungilin evinə. Söhbət zamanı Ceyhun and içdi ki, puuin bir hissəsi ondadır".
Məhkəmənin növbəti iclası sentyabrın 14-nə təyin edilib.
Qeyd edək ki, C.İbayev, V.Əsədov, V.Güləli, A.İsmayılov və N.Əliyev bir qrup vətəndaşın etibarından sui-istifadə edərək, onlara qarşı dələduzluq edib.
Belə ki, həmin şəxslər zərərçəkmiş Səriyyə Tahirovanın həyat yoldaşını həbsdən azad edəcəkləri vədi veriblər. Onlar qadının 147 min manat pulunu dələduzluq yolu ilə ələ keçirib. Bundan başqa, təqsirləndirilən şəxslər digər vətəndaşlara da qarşı dələduzluq ediblər. C.İbayev, V.Əsədov, V.Güləli və N.Əliyev Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunur.
V.Əsədov, A.İsmayılov və C.İbayev barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.
Xatırladaq ki, V.Güləli ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq polkovniki olub. V.Əsədov isə Pentensiar Xidmətini sabiq əməkdaşıdır.