Dələduzluqda təqsirləndirilən sabiq icra başçısı ilə bağlı vəsatət qaldırılıb

Hadisə
  • 18 iyul, 2018
  • 08:20
Dələduzluqda təqsirləndirilən sabiq icra başçısı ilə bağlı vəsatət qaldırılıb

Bakı. 18 iyul. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər məhkəməsində Ağcabədi Rayonunun İcra Hakimiyyətinin sabiq başçısı Münsif Səfərov və Rüstəm Bayramovun məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən M.Səfərovun vəkili cinayət işi üzrə məhkəmə istintaqının təzələnməsi ilə bağlı vəsatət qaldırıb.

O bildirib ki, təqsirləndirilən şəxslərin ifadələri arasında ziddiyyətlər var.

Vəkil cinayət işi üzrə məhkəmə istintaqının yenilənməsini tələb edib.

Dövlət ittihamçısı vəsatətə münasibət bildirmək üçün məhkəmədən vaxt istəyib.

Məhkəmənin növbəti iclası iyulun 20-nə təyin edilib.

Xatırladaq ki, daha əvvəl prokuror çıxışında M.Səfərovun 8 il müddətinə azadlıqdan məhrum edilməsini və barəsində seçilən qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz olunmasını, məhkəmə zalında həbs edilməsini istəyib. Həmçinin o, R.Bayramovun da 8 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Fərabi Mənsur adlı şəxsin evini dələduzluq yolu ilə ələ keçirərək bankdan küllü miqdarda pul götürüblər.

Həmin şəxslər F.Mənsura 60 min manat ziyan vurublar və hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, küllü miqdarda törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

R.Bayramovun barəsində həbs qətimkan tədbiri seçilsə də, M.Səfərov haqqında başqa yerə getməmə haqqında iltizam qətimkan tədbiri seçilib. O, 1992-ci ildə Ağcabədi Rayonunun İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.