Cənub Regional Ovçular İttifaqının keçmiş sədrinin məhkəməsi başlayıb
- 25 oktyabr, 2018
- 08:29
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 25 oktyabr. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində qanunsuz narkotik maddə saxlamaqda təqsirləndirilən Natiq Məmmədovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
"Report"un xəbərinə görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.
İttiham aktına əsasən, N.Məmmədov 2018-ci il aprelin 16-da Xətai rayonu, Məhəmməd Hadi küçəsində övladlarının kirayə yaşadığı binanın qarşısında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun üzərindən 5 qram heroin aşkar olunub.
N.Məmmədov elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədiyini deyib: "Masallı rayonunda yaşayıram, iki oğlum Bakıda qiyabi oxuyur, həm də işləyirlər. Mən də 10 gün əvvəl yoldaşımla onların yanına gəlmişdim. Binanın həyətində mağazadan meyvə və toyuq alıb evə gedən zaman mülki geyimli şəxslər mənə yaxınlaşıb maşına mindirdilər. Onlara "icazə verin meyvələri evə verim, ya da heç olmasa dükana qoyum" dedim. Lakin imkan vermədilər".
N.Məmmədov uzun müddət jurnalist kimi fəaliyyət göstərdiyini, ictimai birlik rəhbəri olduğunu deyib.
Daha sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Fərhad Məmmədov ifadə verib. O söyləyib ki, daxil olan əməliyyat məlumatı əsasında N.Məmmədovu saxlayıblar: "Onu küçədə gözləyəndən sonra Natiq Məmmədova yaxınlaşıb özümüzü təqdim etdik, hal şahidlərinin iştirakı ilə özü cibindən narkotik vasitəni çıxarıb verdi. Dedi ki, bir-iki gün əvvəl yaşadığı binanın girişindən tapıb və narkotik vasitə olduğunu bilib. Amma özü istifadə etmir. Heç bir müqavimət göstərmədi, səmimi davrandı".
Daha sonra hal şahidi Ulduz Məmmədov dindirilib. O deyib ki, polis əməkdaşları N.Məmmədovu saxlayan zaman onun üzərindən narkotik maddə çıxıb.
Məhkəmənin növbəti prosesi oktyabrın 31-nə təyin edilib.
Qeyd edək ki, N.Məmmədov Cənub Regional Ovçular İttifaqının sədri vəzifəsində çalışıb.