Cəlilabadda əhalinin su ilə təminatında müvəqqəti fasilə yaranacaq - YENİLƏNİB
- 17 sentyabr, 2026
- 20:26
Cəlilabad rayonunda əhalinin su ilə təminatında müvəqqəti fasilə yaranacaq.
Bu barədə "Report"un Muğan bürosuna rayon icra hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, bu gün saat 17:00 radələrində Cəlilabad şəhəri Heydər Əliyev prospektində su nəql edən 225 mm-lik boruda qəza baş verib və boru deşilib.
Hadisə ilə əlaqədar Cəlilabad Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi və Yolların Mühafizə Xidmətinin əməkdaşları əraziyə cəlb olunaraq suyun çölə axmasının qarşısını alıb və hadisə yerində mühafizə tədbirləri həyata keçiriblər.
Qəzanın aradan qaldırılması istiqamətində müvafiq işlər aparılır. İşlər başa çatanadək əhalinin su ilə təminatında müvəqqəti fasilə yaranacaq.
Cəlilabad rayonunda içməli su xəttində qəza baş verib.
"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Cəlilabad-Uzuntəpə yolunun Uzuntəpə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Qəza nəticəsində su yolun hərəkət hissəsinə axıb.
Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Hazırda qəzanın aradan qaldırılması istiqamətində işlər görülür.