Biləsuvarda üç poçt şöbəsinin fəaliyyəti dayandırılıb, sakinlər narazıdır

Hadisə
  • 12 iyul, 2023
  • 07:50
Biləsuvarda üç poçt şöbəsinin fəaliyyəti dayandırılıb, sakinlər narazıdır

Biləsuvar rayonunda üç poçt şöbəsinin fəaliyyəti dayandırılıb. Bu isə sakinlərin narazılığına səbəb olub.

Onlar bu barədə "Report"un yerli bürosuna müraciət ediblər.

Sakinlərin sözlərinə görə, son dövrlər Biləsuvar şəhərində yerləşən poçt şöbələrindən birinin, həmçinin Ovçubərə və Bəydili kəndlərində poçt şöbələrinin fəaliyyəti dayandırılıb.

Buna görə də, sözügedən ərazidə yaşayan sakinlər poçtla bağlı xidmətləri etməkdə çətinlik çəkirlər:

"Məcbur qalıb rayon mərkəzində yerləşən poçt şöbəsinə gedirik. Nəticədə həmin şöbədə sıxlıq yaranır. Həm növbələrdə vaxt itiririk, həm də uzun məsafə qət edirik. Yaxşı olardı ki, əvvəlki poçt şöbəmiz bərpa olunsun".

Məsələ ilə bağlı “Azərpoçt” MMC-dən bildirililib ki, qurum tərəfindən növbəti optimallaşdırma prosesi aparılıb:

“Azərpoçt” MMC olaraq bildiririk ki, iqtisadi səmərəliliyin, o cümlədən universal poçt xidmətlərinə tələbatın azalmasını nəzərə alaraq son illər ölkə ərazisində poçt şöbələrinin optimallaşdırılması prosesi gedir.

Növbəti optimallaşma prosesi cənub bölgəsində aparılıb. Belə ki, Biləsuvar, Yardımlı, Masallı və Cəlilabad poçt filialları mərkəzləşdirilərək Cəlilabad Regional Poçt filialı yaradılıb, ümumi 16 şöbədən 2 şöbənin (AZ1301 Biləsuvar – 1, AZ1324 Ovçubərə poçt şöbələri) fəaliyyəti dayandırılaraq yaxınlıqdakı poçt şöbələrinə birləşdirilib.

Biləsuvar rayon Bəydili kənd poçt agentliyi ilə bağlı vətəndaşların müraciətini nəzərə alaraq, xüsusilə qeyd edirik ki, sözügedən ərazidə əhali sayının 7 min nəfərə yaxın olmasına baxmayaraq, əməliyyat gəlirləri minimumdan aşağıdır və şöbə zərərlə fəaliyyət göstərir.

Bununla yanaşı, Bəydili kənd poçt agentliyi ilə AZ1300 indeksli Müştəri xidmətləri şöbəsi arasındakı məsafənin 1,9 km təşkil etməsini nəzərə alaraq həmin poçt şöbəsinin xidmətləri Müştəri xidmətləri şöbəsinə həvalə olunub, vətəndaşlara poçt xidmətlərinin göstərilməsi üçün şərait yaradılıb".