Biləsuvarda skaut layihəsinin təqdimatı keçirilib - FOTO
- 31 oktyabr, 2018
- 13:21
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 31 oktyabr. REPORT.AZ/ “Skaut - gələcək nəslin lideri” – layihəsinin növbəti təqdimatı keçirilib.
"Report" xəbər verir ki, layihənin əsas məqsədi skaut hərəkatının köməyilə Biləsuvar rayonunda yerləşən Cəbrayıl rayonunun məcburi köçkün qəsəbələrində yaşayan uşaq, yeniyetmə və gənclərin növbəti nəsl liderlərinə çevrilməsi üçün tərəqqi imkanlarının yaradılması və onlarda komandada işləmək, könüllülük, təşəbbüskarlıq, təşkilatçılıq kimi müasir dünyavi şəxsi keyfiyyətlərinin inkişaf etdirilməsidir.
Bu məqsədə çatmaq üçün layihənin bır sıra vəzifələri var. Bunlara ictimaiyyət arasında layihənin təbliği, könüllü gəncləri üzə çıxartmaqla bu sahədə yetişdirmək, skaut təlimləri və ustad dəsrləri vasitəsilə mövcud gənclərdə liderlik, skaut bilik və bacarıqlarının artırılması və sairə aiddir.
Layihə çərçivəsində Cəbrayıl rayonunun məcburi köçkün qəsəbələrində yerləşən 11 məktəbdə təqdimatlar həyata keçirilib. Təqdimatlarda, əsasən, məktəblərin müəllimləri və qəsəbədə yaşayan gənclər iştirak ediblər.
Təqdimatlardan sonra layihə çərçivəsində gələcəkdə uşaqlarla işləmək və lider kimi fəaliyyət göstərmək istəyən şəxslərin əlaqə nömrələri qeydə alınıb.
Qeydiyyatdan keçmiş şəxslər üçün 16-19 noyabr 2018-ci il tarixində Şamaxı şəhərində “Liderlik məktəbi” təşkil olunacaq. Layihənin davamı olaraq isə “Liderlik məktəbi”nin iştirakçıları geri döndükdən sonra öz qəsəbələrində təqdimatlar edərək skaut dəstələrini formalaşdıracaqlar. Bu dəstələrin ilkin fəaliyyəti 2019-cu il yanvar ayında başlayaraq 2019-cu ilin iyunun sonuna kimi davam edəcək. 2019-cu ilin iyul ayında isə layihənin yekunu olaraq həm uşaq-yeniyetmələr, həm də böyükyaşlı liderlər üçün İsmayıllı rayonunda çadır düşərgəsi təşkil olunacaqdır.
Qeyd edək ki, 1 sentyabr 2018-ci il tarixindən etibarən Amerika Birləşmiş Ştatlarının Səfirliyinin “İcma Quruculuğu Təşəbbüsləri Proqramı” çərçivəsində “Skaut - gələcək nəslin lideri” – layihəsinə start verilib.