Beynəlxalq Bankın sabiq əməkdaşlarının məhkəməsində təqsirləndirilən şəxs ifadə verib
- 06 dekabr, 2017
- 11:59
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 6 dekabr. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin mənimsəmədə təqsirləndirilən əməkdaşı Əlisultan Məmmədov, bankın digər əməkdaşları - Ramin Səməndərov, Kifayət Səmədova, Hacalı Cavadovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
"Report"un xəbərinə görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə şahid qismində Rövşən Şamilov ifadə verib.
O söyləyib ki, tanışı Şükür Məmmədov kredit götürüb, həmin şəxsə zamin durub Ş.Məmmədov da pulu Ə.Məmmədova verib. Ə.Məmmədov həmin kreditin bir hissəsini ödədiyini, işdən çıxarıldıqdan sonra ödəniş edə bilmədiyini bildirib. Məhkəmədə şahidlərin hamısının dindirildiyi elan olunub.
Daha sonra təqsirləndirilən R.Səməndərov ifadə verib. O, uzun müddət bank sektorunda çalışdığını qeyd edib. R.Səməndərovun sözlərinə görə, sonuncu vəzifəsi Kredit şöbəsinin müdiri olub. O, barəsində irəli sürülmüş ittihamları qəbul etməyib: "Şərfalı Ağayevin adına kreditin ayrılması ilə bağlı sənədlər də Əlisultan Məmmədov tərəfindən hazırlanıb. Heç bir mənimsəmədən söhbət gedə bilməz. Əlisultan müəllim həmin ərəfədə 2-3 min manat maaş alırdı. Haradan bilərdi ki, həmin pullar ona veriləcək və bu pullar mənimsəniləcək".
Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək deyib ki, yeganə təqsiri görmədiyi hallarda bəzi şəxslərə kredit verilməsinə razılıq verməsi olub.
Məhkəmənin növbəti iclası dekabrın 13-nə təyin edilib.
Qeyd edək ki, "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin Şamaxı filialının direktoru olmuş Ə.Məmmədov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilir. Digər şəxslər də bankın əməkdaşlarıdır.
Onlar barəsində həbs qətimkan tədbiri seçilməyib.