Beyləqan rayon şahmat məktəbinin keçmiş direktorunun şikayətinə baxılıb
- 10 may, 2019
- 06:56
Ali Məhkəmədə Beyləqan rayon şahmat məktəbinin keçmiş direktoru İsim Tapdıqovun barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
"Report"un xəbərinə görə, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, İ.Tapdıqovun kassasiya şikayəti təmin edilməyib.
İttiham aktına əsasən, İ.Tapdıqov 2006-2012-ci illərdə Beyləqan rayon şahmat məktəbinin direktoru vəzifəsində işləyərkən Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialının keçmiş direktoru İsa Veysov və həmin ali təhsil müəssisəsinin tədris hissəsinin müdiri Tofiq Əlihüseynovla qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girib.
Belə ki, o, Beyləqan rayon sakinlərini Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialına yenidən hazırlanma və ixtisasdəyişmə kursuna qəbulu və imtahanlarda iştirak etmədən onlara məqbul qiymətlərin yazılması və həmin kursu bitirərək diplom almaları vədi verərək rüşvət alıb.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Tapdıqov 8 il 6 ay, İ.Veysov 11 il 6 ay və T.Əlihüseynov isə 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə İ.Tapdıqovun 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası 4 ilə endirilib. Daha sonra o, kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.