BDU-nun dekan müavininin tələbəyə qarşı iddiası üzrə məhkəmə prosesi davam etdirilib

Hadisə
  • 08 iyun, 2017
  • 10:59
BDU-nun dekan müavininin tələbəyə qarşı iddiası üzrə məhkəmə prosesi davam etdirilib

Bakı. 8 iyun. REPORT.AZ/ Bu gün Yasamal Rayon Məhkəməsində Bakı Dövlət Universitetinin (BDU) İlahiyyat fakültəsinin dekan müavini, dosent Nigar İsmayılzadənin həmin fakültənin 4-cü kurs tələbəsi Zəka Mirağayevin barəsində xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un məlumatına görə, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə Zəka Mirağayev vəsatətlə çıxış edib. O, vəsatərində İlahiyyat fakultəsinin tyutoru Aynur Məmmədovanın və fakultənin müəllimi Faiq Əhmədzadənin məhkəmədə ifadə verməsini istəyib.

N.İsmayılzadənin vəkili Kamandar Nəsibov isə vəsatətdə göstərilən şahidlərin rüşvətlə bağlı məhkəmədə heç nə danışmayacağını deyib: "Hesab edirəm ki, vəsatət işi uzatmaq üçündür. Buna görə vəsatətin təmin edilməsini istəmirik".

N.İsmayılzadənin digər vəkili Sadiq Rəsulov da çıxış edib. O qeyd edib ki, jurnal dəyişdirilibsə belə, bu, yalnız rəhbərliyin razılığı ilə baş verə bilər: "Universitetin rəhbərliyi də buna görə Nigar İsmayızadəyə heç bir cəza və töhmət verməyib. Həmin şəxslər də gəlib ən yaxşı halda jurnalın dəyişdirildiyini təsdiq edə bilər. Bunun isə rüşvət ittihamına heç bir aidiyyatı yoxdur. Vətatətənin edilməməsini tələb edirik".

N.İsmayılzadə Z.Mirağayevin şikayətindən sonra fakultədə komisiyya yaradıldığını, təlim-tədbir prosesində müəyyən qüsurların aşkar edildiyini söyləyib: "Komissiya bunu texniki qüsur kimi qiymətləndirdi".

Z.Mirağayevin vəkili Elçin Sadıqov N.İsmayılzadəyə fakultədə təlim-tərbiyyə prosesinə lazımı nəzarət göstərmədiyinə və digər məsələlərə görə xəbərdarlıq edilməsinə dair rektorun əmirini məhkəmənin diqqətinə çatdırıb. N.İsmayızadə də ona xəbərdarlıq edildiyini təsdiqləyib və bu əmirdən şikayət vermədiyini deyib: "Bu işdə kimin qüsuru var idisə, xəbərdarlıq olundu. Rektorun əmri isə müzakirə olunmayır".

Məhkəmə vəsatəti təmin edib.

Daha sonra Z.Mirağayevin "Kanal 13" internet televiziyasına verdiyi müsahibəsi məhkəmədə nümayiş olunub. Z.Mirağayev müsahibəsində universitet rəhbərliyini, konkret olaraq prorektorların N.İsmayızadəni müdafiə etdiyini deyib: "Nigar İsayılzadə dekan müavini təyin ediləndən sonra vəziyyət dəyişib".

Diskə baxış keçiriləndən sonra vəkil E.Sadıqov etiraz edib. O söyləyib ki, nümayiş etdirilən kadrlarda Z.Mirağayevin özünün və ya bir başqasının N.İsmayılzadəyə birbaşa rüşvət verdiyini deməyib. Bu səbəbdən diskə yenidən baxış keçirilib. Vəkil bu dəfə də eyni fikri səsləndirib. N.İsmayılzadənin vəkilləri isə buna etiraz ediblər. Onlar həmin müsahibədə Z.Mirağayevin dəfələrlə müvəkkilinin adını çəkdiklərini bildiriblər.

Məhkəmənin növbəti iclası iyunun 14-nə təyin edilib.

Qeyd edək ki, BDU-un İlahiyyat fakültəsinin dekan müavini, dosent N.İsmayılzadə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, həmin fakültənin 4-cü kurs tələbəsi Z.Mirağayevin Cinayət Məcəlləsinin (CM) 147.2-ci (böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsini istəyir. O, məhkəməyə müraciətində göstərib ki, Z.Mirağayev ona böhtan atıb, ağır cinayət törətməkdə ittiham edərək təhqir edib.

Dekan müavininin iddia ərizəsinə əsasən, bir müddət öncə KİV-də onun haqqında bir neçə məqalə dərc olunub. Həmin məqalələrdə N.İsmayılzadə özünün ünvanına təhqiredici ifadələr və böhtan xarakterli məlumatlar əks etdirildiyini deyib.

Məhkəmə iclasında N.İsmayılzadənin vəkilləri Kamandar Nəsibov və Sadiq Rəsulov iddia ərizəsinə əlavəni məhkəməyə təqdim edib. Belə ki, dekan müavini tələbənin CM-nin 148-ci (təhqir) maddəsi ilə də cəzalandırılmasını istəyir. İddia əlavə icraata qəbul olunub.