Baş Prokurorluqda kollegiya iclası keçirilib
- 26 dekabr, 2025
- 16:26
Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə dekabrın 26-da prokurorluğun fəaliyyət istiqamətləri üzrə cari il ərzində görülmüş işlər, qarşıda duran vəzifələr və işin təşkilinə dair məsələlərə həsr olunmuş kollegiya iclası keçirilib.
Bu barədə "Report"a Baş Prokurorluqdan məlumat verilib.
K.Əliyev bildirib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2025-ci ilin ölkədə "Konstitusiya və Suverenlik İli" elan edilməsinin Konstitusiyanın qəbulunun 30 və Vətən müharibəsində qazanılmış Qələbənin 5 illiyinə təsadüf etməsi ona xüsusi mənəvi mahiyyət qatıb:
"Bu ilin qeyd olunması Ümummilli Lider Heydər Əliyevin dövlətçilik irsinə ehtiramın ifadəsi olmaqla Ulu Öndərin rəhbərliyi ilə 1995-ci ildə qəbul edilmiş Konstitusiya əsasında dövlət suverenliyi, qanunun aliliyi və insan hüquq və azadlıqlarının təmin edilməsi, eləcə də Azərbaycanın hüquqi dövlət kimi formalaşmasını əks etdirir".
K.Əliyev Azərbaycanda bərqərar olmuş ictimai-siyasi sabitliyin qorunması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi və insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində prokurorluğun roluna da toxunub. O, prokurorluğun əsas fəaliyyət istiqamətləri üzrə görülən işlər və statistik göstəricilər kollegiya üzvlərinin diqqətinə çatdırılıb, ümumən qeydə alınmış cinayətlərin sayında azalmanın müşahidə edildiyi, bu nailiyyətlərin əldə olunmasında digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə həyata keçirilən preventiv, operativ və istintaq tədbirlərinin effektivliyini vurğulayıb.
Eyni zamanda, prokurorluq orqanlarının vətəndaşların hüquqlarının qorunması, qanunun aliliyinin təmin edilməsi və ictimai təhlükəsizliyin möhkəmləndirilməsi sahəsində davamlı və sistemli fəaliyyət göstərdiyi diqqətə çatdırılıb.
Baş prokuror həmçinin qeyd edib ki, 2025-ci ilin prokurorluq orqanlarının fəaliyyəti baxımından mühüm beynəlxalq hadisələrlə yadda qalıb. Bu çərçivədə Baş Prokurorluğun təşkilatçılığı ilə bir sıra beynəlxalq tədbirlər konfranslar keçirilib.
Sonda bir sıra məsələlər üzrə kollegiyanın qərarı qəbul olunub.
K.Əliyev iclasa yekun vuraraq prokurorluq orqanlarının bundan sonrakı fəaliyyəti zamanı da dövlət və xalqın mənafeyi naminə qanunla üzərinə qoyulmuş vəzifələri layiqincə yerinə yetirəcəyinə əminliyini ifadə edib.