Baş Prokurorluqda geniş kollegiya iclası keçirilib

Hadisə
  • 27 yanvar, 2018
  • 12:03
Baş Prokurorluqda geniş kollegiya iclası keçirilib

Bakı. 27 yanvar. REPORT.AZ/ Yanvarın 26-da Azərbaycan Respublikasının Baş Prokurorluğunda Mərkəzi aparatın, Respublika Hərbi, Naxçıvan Muxtar Respublikası, Naxçıvan Muxtar Respublikası Hərbi və Bakı şəhər prokurorluqlarının rəhbər heyətinin, rayon və şəhər, ərazi hərbi prokurorlarının iştirakı ilə prokurorluq orqanları tərəfindən 2017-ci ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclası keçirilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, kollegiya iclasında hesabat məruzəsi ilə çıxış edən baş prokuror Zakir Qaralov ümummilli lider Heydər Əliyevin müəllifi olduğu strateji əhəmiyyətli milli siyasətin möhtərəm Prezidentimiz İlham Əliyevin müdrik rəhbərliyi ilə uğurla davam etdirildiyini, 2017-ci ilin ölkəmizdə dərin, köklü və nəticə verən iqtisadi islahatlar həyata keçirilməklə gələcək onilliklər üçün əsası qoyulmuş layihələrin təməlinin atılması ilə zəngin olduğunu bildirib.

Yola saldığımız ildə Azərbaycanın əldə etdiyi mühüm nailiyyətlər sırasında ölkəmizin Davos Ümumdünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda reytinqdə daha iki pillə irəliləyərək 35-ci yerdə qərarlaşması, eyni zamanda həmin təşkilatın ənənəvi inklüziv inkişaf indeksində ölkəmizin dünyada inkişaf edən dövlətlər arasında 3-cü yerə layiq görülməsi, “Əsrin müqaviləsi”nin müddətinin 2050-ci ilədək uzadılması, Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yolun - Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı, idmançılarımızın mötəbər beynəlxalq yarışlarda yüksək nailiyyətlər əldə etməsi və s. uğurlar xüsusi vurğulanıb.

Baş prokuror işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində yeni qəsəbənin açılışı və Şıxarx qəsəbəsində yeni şəhərciyin salınması ilə “Böyük Qayıdış” prosesinə start verilməsini ölkəmizin həyatında mühüm hadisə olduğunu diqqətə çatdırıb.

Xüsusi olaraq vətəndaş məmnunluğunun təmin edilməsində əvəzsiz rol oynayan “ASAN” xidmət mərkəzlərinin səmərəli fəaliyyəti qeyd edilməklə mərkəzlərə yarandığı gündən 20 milyona yaxın müraciət edilməsinin, həmçinin 2019-cu ilin sonuna qədər ölkəmizdə “ASAN xidmət” Mərkəzlərinin sayının 20-ə çatdırılmasının dövlət qulluqçusu - vətəndaş münasibətlərində dövlətin həyata keçirdiyi siyasətin mühüm təzahürü kimi vurğulanıb.

Cari hesabat dövrünün ölkəmiz üçün müsəlman Şərqində ilk demokratik, parlamentli respublikanın - Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasının 100 illik yubileyinin təntənəli şəkildə qeyd edilməsi ilə əlamətdar olacağı bildirilməklə Azərbaycan Respublikası Prezidentinin dövlətçilik irsimizə ehtiramın müstəsna nümunəsi kimi 2018-ci ili “Azərbaycan Xalq Cumhuriyyəti İli” elan etməsinin önəmi xüsusi qeyd edilib.

Bununla yanaşı, cari ilin prokurorluq orqanlarının yaradılmasının 100 illik yubileyinin qeyd edilməsi ilə də xüsusi əhəmiyyətə malik olacağı bildirilməklə prokurorluq orqanlarının hər bir əməkdaşının səmərəli fəaliyyəti və üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməklə Cümhuriyyətin, o cümlədən Prokurorluğun yaradılmasının 100 illiyinə öz töhfəsini verəcəyinə əminlik ifadə olunub.

Kollegiya iclasında çıxış edən Naxçıvan Muxtar Respublikasının prokuroru Səbuhi Şahverdiyev, baş prokurorun müavini - respublika hərbi prokuroru Xanlar Vəliyev, baş prokurorun müavini Namiq Əsgərov, Baş Prokurorluğun Hüquqi təminat idarəsinin rəisi Natiq Hüseynov, Baş Prokurorluğun İnformasiya-kommunikasiya texnologiyaları idarəsinin rəisi Murad Dadaşov və digər natiqlər çıxışlarında 2017-ci il ərzində görülmüş işlər barədə ətraflı məlumatlar verilməklə “Prokurorluq haqqında” qanunda nəzərdə tutulmuş istiqamətlər üzrə fəaliyyətin səmərəliliyinin daha da artırılması, prokurorluq orqanlarının işinin müasir məzmunda təkmilləşdirilməsinə yönəldilmiş konkret təkliflər irəli sürülüb.

Kollegiya iclasına yekun vuran baş prokuror prokurorluq orqanlarının kollektivi adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi əmin edib ki, Azərbaycan Respublikası Prokurorluğunun kollektivi öz qüvvələrini səfərbərliyə almaqla bundan sonra da digər əlaqədar dövlət təsisatları ilə birlikdə dövlətçiliyimizin maraqlarının, ölkəmizdə bərqərar olmuş dayanıqlı ictimai-siyasi sabitlik və əmin-amanlığın qorunması, cinayətkarlığın bütün təzahürlərinə və hər cür qanunsuzluqlara qarşı mübarizənin gücləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı müdafiəsi üçün səlahiyyət hədləri daxilində zəruri tədbirlərin görülməsini təmin edəcək, dövlət müstəqilliyimizin möhkəmləndirilməsi yolunda öz xidmətlərini göstərəcək.