“Baklift-2”nin sabiq rəisinin məhkəməsində baş mühəndis ifadə verib
- 18 dekabr, 2019
- 09:48
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı Ağır Cinayətlər Məhkəməsində “Baklift-2” İxtisaslaşdırılmış İstehsalat İdarəsinin rəisi olmuş Ruslan Dilanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
"Report" xəbər verir ki, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili prosesin təxirə salınması ilə bağlı vəsatət verib.
O bildirib ki, zərərçəkmiş tərəfin (“Lifttəmir” İstehsalat Birliyi) nümayəndəsi prosesə gəlməyib və şahidlər zərərçəkmiş dindirilməlidir: "Dəymiş ziyanla bağlı rəqəmlərdə ciddi ziddiyyətlər var. Ona görə də zərərçəkmiş tərəfə bununla bağlı suallarımız olacaq".
Hakim isə deyib ki, ziddiyyət hesab edilən bütün məqamlar məhkəmə tərəfindən araşdırılacaq və bu, şahidlərin dindirilməsinə mane olmur.
Prosesdə şahid qismində “Baklift-2” İxtisaslaşdırılmış İstehsalat İdarəsinin baş mühəndisi olmuş Cilovxan Əliyev dindirilib.
O bildirib ki, 2103-2015-ci illərdə Ruslan Dilanovla birlikdə işləyib. Şahid deyib ki, həmin dövrdə yeni liftlərin quraşdırılması və köhnə liftlərin təmir olunması ilə bağlı proseslərdə iştirak etsə də, vəsaitlərin hesablanması və xərclənməsi ilə bağlı rəqəmləri xatırlamır.
Prokuror deyib ki, onun iştirakı ilə imzalanan 12 aktda şişirdilmiş rəqəmlər müəyyən edilib və söhbət bir milyon manatdan artıq vəsaitdən gedir.
C.Əliyev vurğulayıb ki, həmin aktlar 71 ədəd liftin quraşdırılması və təmir işləri ilə bağlıdır: "Sözügedən məbləğlər bu işlərə sərf edilib, ancaq mən vəsaitlərin xərclənməsində iştirak etməmişəm. Nəyin haradan alınmasını, pulun nəyə xərclənməsini rəis özü müəyyən edirdi və vəsait xərclənirdi".
Hakim bildirib ki, şahidin istintaqa ifadəsi ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyyət var. O, istintaqa ifadəsində deyib ki, görülən işlərə bu qədər vəsaitin silinməsi doğru deyil.
Şahid isə belə ifadə vermədiyini deyib: "O fikirləri ifadə alanlar özləri yazıb. Yəqin ki, Maliyyə Nazirliyinin aktına istinad ediblər. Ancaq bizim heç birimiz Maliyyə Nazirliyinin yekun aktına imza atmamışıq. Çünki o aktı tərtib edənlər lift üzrə mütəxəssis deyil və vəsaitlər düzgün hesablanmayıb".
Hakim ona ifadəsini göstərib və şahid istintaqdakı ifadədə olan imzanın özünə məxsus olduğunu təsdiqləyib.
Təqsirləndirilən Ruslan Dilanov arayış verib ki, "Forma 2"də yazılan məbləğlərdən əlavə də görülən işlərlə bağlı nağd ödəmlər də olub.
"Elə olub ki, üç ay ərzində 1000 ədəd lift quraşdırmalı olmuşuq. Gecə-gündüz işləmişik. Quraşdırma işlərinə kənardan əlavə briqadalar cəlb edilirdi və onlara nağd ödənişlər edirdik. Hər liftin üçün 1200 manat pul ödəyirdik" - deyə R.Dilanov bildirib.
Növbəti proses dekabrın 25-də keçiriləcək.
Qeyd edək ki, "Lifttəmir" İstehsalat Birliyinə aid olan “Baklift-2” İxtisaslaşdırılmış İstehsalat İdarəsinin rəisi olmuş R.Dilanov külli miqdarda mənimsəmədə təqsirləndirlir.
İttihama əsasən, binalarda 71 ədəd liftin yenidən quraşdırılması və əsaslı təmiri üçün ayrılan vəsaitin təxminən 1 milyon 835 min manatı mənimsənilib. İddia olunur ki, dövlətin vəsaiti ilə alınan 426 min manatlıq material-avadanlıqlar təyinatı üzrə istifadə olunmayıb, ticarətlə məşğul olan şəxslərə satılıb. Amma saxta sənədlər tərtib edilərək həmin materialların istifadə olunduğu rəsmiləşdirilib.
Ona Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda ziyan vurmaqla mənimsəmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.
Təqsirləndirilən R.Dilanov elan olunmuş ittihamlarla özünü təqsirli bilməyib.
İş üzrə zərərçəkən şəxs qismində “Lifttəmir” İstehsalat Birliyi tanınıb.