Bakının Xətai rayonunda minaatan mərmisi aşkar olunub

Hadisə
  • 31 avqust, 2017
  • 23:06
Bakının Xətai rayonunda minaatan mərmisi aşkar olunub
Foto: ANAMA

Bakı. 1 sentyabr. REPORT.AZ/ Avqustun 31-də Bakının Xətai rayonunun NZS qəsəbəsi kimi tanınan ərazisində minaatan mərmisi aşkar olunub.

"Report" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən ANAMA-ya məlumat daxil olub.

Məlumata əsasən, ANAMA-nın xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib. Mütəxəssislər tərəfindən həmin ərazidə Aşıq Qurban küçəsi 25 ünvanına baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində aşkar olunmuş 1 ədəd 82 mm-lik minaatan mərmisi (O-832) götürülərək zərərsizləşdirilməsi üçün Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkar olunmuş minaatan mərmisinin ətrafında 900 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.