Lökbatanda yaşayış binasında 4 nəfərin ölümü ilə nəticələnən yanğınla bağlı cinayət işi başlanıb - YENİLƏNİB-5

Hadisə
  • 05 dekabr, 2025
  • 14:23
Lökbatanda yaşayış binasında 4 nəfərin ölümü ilə nəticələnən yanğınla bağlı cinayət işi başlanıb - YENİLƏNİB-5

Lökbatanda baş verən yanğınla bağlı ilkin araşdırma nəticəsində müəyyən edilib ki, yanğın Kəlbəcər rayonundan keçmiş məcburi köçkün Emin Həmidovun müvəqqəti məskunlaşdığı mənzildə baş verib.

Bu barədə "Report"a Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, yanğın nəticəsində meydana gələn qatı tüstüdən binanın 9-cu mərtəbəsindəki 86-cı mənzildə yaşayan, Füzuli rayonundan keçmiş məcburi köçkün Yusifov Əkrəm Əşrəf oğlunun həyat yoldaşı, 1998-ci il təvəllüdlü Yusifova Zülfiyyə Ramiq qızı və onun övladları, 2016-cı il təvəllüdlü Yusif Yusifov və 2019-cu il təvəllüdlü Məryəm Yusifova, həmçinin 9-cu mərtəbədəki 88-ci mənzildə yaşayan, Füzuli rayonundan keçmiş məcburi köçkün, 1953-cü il təvəllüdlü Yusif Hüseynov həyatlarını itiriblər.

Qeyd olunub ki, yanğının söndürülməsi zamanı müvəqqəti yaşayış sahələri zərər görən ailələrin yerləşdirilməsi üçün Dövlət Komitəsi tərəfindən tədbirlər görülür.

Bildirilib ki, baş vermiş yanğınla bağlı aidiyyəti qurum tərəfindən cinayət işi başlanıb. İş üzrə tam, obyektiv və hərtərəfli istintaq aparılmaqla qanunamüvafiq qərarın qəbul olunması təmin olunacaq.

Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, "Qobu Park-1" yaşayış massivində yerləşən çoxmərtəbəli yaşayış binasında 4 nəfərin ölümü, 4 nəfərin tüstüdən zəhərlənməsi ilə nəticələnən yanğınla bağlı cinayət işi başlanıb.

Bu barədə "Report"a Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, Cinayət Məcəlləsinin 124.2 (ehtiyatsızlıqdan iki və ya daha çox adamı öldürmə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələrilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinə tapşırılıb.

Cinayət işi üzrə aidiyyəti dövlət qurumları, o cümlədən Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və müvafiq ekspertlərin iştirakı ilə hadisə yerinə baxış keçirilib, maddi sübutlar götürülüb və digər zəruri ilkin istintaq hərəkətləri icra edilib.

İş üzrə tam, obyektiv və hərtərəfli istintaq aparılmaqla qanunamüvafiq qərarın qəbul olunması təmin olunacaq.

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, "Qobu Park 1" yaşayış massivində 05.12.2025-ci il tarixində saat 03:15 radələrində yanğın baş verməsi səbəbilə çağırış daxil olub.

Bu barədə "Report"un sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, dərhal 12 təcili tibbi yardım briqadası çağırış ünvanına cəlb olunub.

Məlumata görə, təcili tibbi yardım briqadası tərəfindən 4 nəfər (qadın) tüstüdən zəhərlənmə ilkin diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

Hadisə yerində 4 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb.

Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan 4 nəfərdən 3-nün vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

1 nəfərə isə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılması nəzərdə tutulub.

Sevil Seymur

Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsində baş vermiş yanğın nəticəsində 4 nəfər tüstüdən zəhərlənib.

"Report"un əldə etdiyi məlumata görə, hadisə nəticəsində İbrahimova Afət Müzəffər qızı ( 1974), İbrahimov Ramal Niyazi oğlu (2006), Əliyeva Sevinc Fazil qızı (1980) və daha bir nəfər (şəxsiyyəti dəqiqləşdirilir) tüstüdən zəhərləniblər.

Qeyd edək ki, yanğın nəticəsində dörd nəfər ölüb.

Faktla bağlı Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində araşdırma aparılır.

Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində baş vermiş yanğınla bağlı Baş Prokurorluq tərəfindən araşdırma aparılır.

Bu barədə "Report"a qurumun Mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, Lökbatan qəsəbəsi, "Qobu Park-1" yaşayış massivində yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğınla əlaqədər Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinin əməkdaşları tərəfindən aidiyyəti dövlət qurumları, o cümlədən Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə birgə hadisə yeri müayinə olunur və digər zəruri prosessual hərəkətlər icra edilir.

Yanğının baş vermə səbəbinin müəyyən olunması məqsədilə müvafiq istintaq hərəkətləri keçirilməklə ekspertizalar təyin olunub.

Hadisə nəticəsində əmələ gələn tüstüdən 4 nəfər (onlardan 2-si azyaşlıdır) boğularaq ölüb.

Faktla bağlı Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində araşdırma aparılır.

Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsi, "Qobu Park-1" yaşayış kompleksi ərazisində yerləşən yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə "Report"a FHN-dən bildirilib.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlər tərəfindən doqquzmərtəbəli yaşayış binasının yeddinci mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər mənzillərə keçməsnə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 45 m² olan ikiotaqlı mənzilin mətbəxinin və dəhlizinin yanar konstruksiyaları 13 m² sahədə yanıb. Yanğın zamanı 4 nəfər həyatını itirib.

Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub.

Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə olunub.

Son xəbərlər

Bütün Xəbər Lenti