Bakıda tanışını qətlə yetirən şəxsin məhkəməsi başlayıb

Hadisə
  • 07 noyabr, 2016
  • 11:39
Bakıda tanışını qətlə yetirən şəxsin məhkəməsi başlayıb

Bakı. 7 noyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda 22 yaşlı qızı qətlə yetirən 1961-ci il təvəllüdlü Vidadi Qarayevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

“Report”un xəbərinə görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası noyabrın 18-nə təyin edilib.

Qeyd edək ki, hadisə bu ilin iyul ayının 2-də Bakı şəhər Nəsimi rayonunda, Səməd Vurğun və Füzuli küçələrinin kəsişməsində yerləşən yeraltı keçiddəki mağazada baş verib. İttiham aktına əsasən, 1961-ci il təvəllüdlü V.Qarayev Tərtər rayon sakini olan tanışı, 1994-cü il təvəllüdlü Gülpəri Rasim qızı Aslanlının boğazına bıçaqla vuraraq onu öldürüb.

Hüquq-mühafizə orqanları tərəfindən saxlanılan V.Qarayev ilkin ifadəsində bildirib ki, G.Aslanlı ilə bir müddət əvvəl tanış olub və aralarında münasibət yaranıb. O, tanışını qısqanclıq zəminində öldürdüyünü etiraf edib.

V.Qarayev Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq silah gəzdirmək) maddələri ilə ittiham olunur.