Bakıda sevgilisini qısqanclıq zəminində öldürən şəxsin şikayəti əsasında məhkəmə başlayıb

Hadisə
  • 09 noyabr, 2016
  • 05:18
Bakıda sevgilisini qısqanclıq zəminində öldürən şəxsin şikayəti əsasında məhkəmə başlayıb

Bakı. 8 noyabr. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Fəhmin Etibar oğlu Qədimov barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.

"Report"un xəbərinə görə, hakim Qail Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası noyabrın 22-nə təyin edilib.

Qeyd edək ki, qətl hadisəsi bu ilin fevral ayında Binəqədi rayonu, 9-cu mikrorayonda, Cavadxan küçəsində baş verib. Həmin ünvanda yerləşən mənzillərdən birində üzərində xəsarətləri olan qadın meyiti aşkar edilib. Meyitə baxış keçirilərkən onun kəndirlə boğularaq öldürüldüyü məlum olub.

Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarının araşdırmaları zamanı qətlə yetirilən qadının 1977-ci il təvəllüdlü Sədaqət Əsgərova olduğu müəyyən edilib. Daha sonra qətli törədən şəxsin 24 yaşlı Fəhmin Etibar oğlu Qədimov olduğu müəyyənləşib. Saxlanılan şəxs istintaqa verdiyi ilkin ifadəsində bildirib ki, 39 yaşlı qadınla qeyri-rəsmi nikah münasibətlərində yaşayıb. O, S.Əsgərovanı qısqanclıq zəminində öldürdüyünü etiraf edib.

F.Qədimov Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə,xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə) maddələri ilə ittiham olunub. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə F.Qədimov 19 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

44 filmi