FHN: Bakıda partlayış baş verən ərazidən 7 nəfər xilas edilib - YENİLƏNİB-4
- 24 noyabr, 2025
- 10:45
Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində beşmərtəbəli binada partlayış baş verib və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətləri və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin idarə rəisi Toğrul Mehdiyev deyib. O bildirib ki, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən beşmərtəbəli ofis binasında yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi və dağıntıların yarandığı müəyyən edilib.
FHN qüvvələri tərəfindən həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində 7 nəfər xilas edilib, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Hadisə ilə əlaqədat aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində yerləşən "AFEN Plaza"da ilkin ehtimala görə, partlayış birinci mərtəbədə baş verib.
Bu barədə "Report"un hadisə yerində olan əməkdaşı məlumat verir.
Belə ki, partlayış nəticəsində 6 mərtəbəli binanın 5-ci mərtəbəsinə kimi dağıntı müşahidə olunur.
TƏBİB Bakıda Nərimanov rayonu ərazisində yerləşən ofislərin birində baş vermiş partlayışla bağlı məlumat yayıb.
Qurumdan "Report"un sorğusuna cavab olaraq bildirilib ki, 24.11.2025-ci il tarixində saat 09:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində obyektdə partlayış baş verməsi səbəbilə çağırış qeydə alınıb.
Dərhal 2 təcili tibbi yardım briqadası çağırış ünvanına cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfindən 5 nəfərə (2-si kişi, 3-ü qadın olmaqla) yerində ilkin tibbi yardım göstərilib və onlar müştərək travmalarla Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.
Kliniki Tibbi Mərkəzdən qeyd edilib ki, onlardan 1 nəfərə (kişi) termiki yanıq, 4 nəfərə isə (1-i kişi, 3-ü qadın) bədənin müxtəlif nahiyələrinin müştərək travmaları diaqnouz təyin olunub: "Hazırda pasiyentlərin müalicəsi tibb müəssisəsində davam etdirilir. Vəziyyətləri orta ağır olaraq qiymətləndirilir".
Nərimanov rayonu ərazisində yerləşən ofislərin birində baş vermiş partlayışla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib.
DİN-in Mətbuat Xidmətindən "Report"a bildirilib ki, polis əməkdaşları tərəfindən hadisə yeri mühafizə edilərək zəruri təhlükəsizlik tədbirləri görülür.
Bakıda obyektdə partlayış olub.
Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində obyektdə partlayış baş verməsi barədə ilkin məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətləri və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.
Əlavə məlumat veriləcək.